Kriminal
Samirə Mirzəyevanın işi üzrə dövlət ittihamçısı çıxış etdi
Əlillik dərəcələrinin təyin edilməsi vədini verərək külli miqdarda dələduzluq törətməkdə günahlandırılan Samirə Mirzəyevanın növbəti cinayət epizodu üzrə istintaq işi başa çatıb. Qeyd edək ki, adıçəkilən şəxs barəsində artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü mövcuddur. Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutan iclasda məhkəmə istintaqının yekunlaşdığı bildirilib və söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında S.Mirzəyevanın Cinayət Məcəlləsinin 320.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilmə müddətinin bitdiyini əsas gətirərək, bu maddə ilə cəzadan azad edilməsini istəyib. Bununla yanaşı, ittihamçı digər maddələr və əvvəlki hökmləri qismən birləşdirərək, təqsirləndirilən şəxsin ümumilikdə 8 il 6 ay 23 gün müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. Məhkəmə prosesinin növbəti iclası fevralın 20-nə təyin olunub. Xatırladaq ki, Samirə Mirzəyeva vətəndaşlara sosial təminat sahəsində yardım etmək adı ilə etimaddan sui-istifadə edərək onların vəsaitlərini mənimsəməkdə ittiham olunur. O, əlillik dərəcələrinin alınması, bərpası, eləcə də güzəştli şərtlərlə sosial mənzillərin əldə olunmasına kömək edəcəyini vəd edib. Bundan əvvəl o, 13 nəfər zərərçəkmişə qarşı 700 min manatdan çox ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 6 il müddətinə həbs cəzası alıb. Hazırda S.Mirzəyevanın digər cinayət epizodu üzrə məhkəmə prosesi davam etdirilir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 320.1 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb. Elgün Həsənli
Mənbə
oxu.az