İdman
"Mançester Yunayted" Aleks Ferqyusondan sonra məşqçilərə fantastik məbləğ xərcləyib
İngiltərənin "Mançester Yunayted" klubu ser Aleks Ferqyusonun gedişindən sonra baş məşqçi təyinatlarına və məşqçilərin vəzifədən azad edilməsinə 100 milyon funt sterlinqdən çox vəsait xərcləyib. Oxu.Az xəbər verir ki, Maykl Kerrikin vəzifəsindən ayrılması və Maurisio Poçettinonun baş məşqçi təyin edilməsi halında klubun bu məqsədlə ödədiyi kompensasiyaların ümumi məbləği təxminən 108,2 milyon funt sterlinqə çata bilər. Kerrikə və onun məşqçi heyətinə ödəniləcək təzminatın ən azı 5 milyon funt sterlinq olacağı gözlənilir. Poçettinonun ABŞ millisindən ayrılması üçün isə "Mançester Yunayted"in təxminən 7,4 milyon funt sterlinq ödəməli olacağı bildirilir. Poçettinonun köməkçilərinin müqavilələrinə vaxtından əvvəl xitam verilməsi də klub üçün əlavə xərc yarada bilər. Qeyd edək ki, ser Aleks Ferqyuson 2013-cü ildə "Mançester Yunayted"dən ayrılıb. Həmin vaxtdan bəri klub Devid Moyes, Lui van Qal, Joze Mourinyo, Ule Qunnar Sulşer, Ralf Ranqnik, Erik ten Haq, Ruben Amorim və Maykl Kerriklə çalışıb.
Mənbə
oxu.az