Dünya
ABŞ Venesuela neft sektorunda əməliyyatlara icazə verdi: Üç yeni lisenziya qüvvəyə mindi
ABŞ Venesuela neft sektorunda əməliyyatlara icazə verən lisenziyalar verib. Oxu.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Venesuelada neft və enerji sektorunda əməliyyatlara icazə verən üç - "46A", "48" və "30B" nömrəli lisenziyalar verib. "46A" lisenziyası Venesuela mənşəli neftin ixracı, satışı, daşınması və marketinqi əməliyyatlarını əhatə edir. Müqavilələr ABŞ qanunlarına uyğun olmalı, mübahisələr ABŞ məhkəmələrində həll edilməlidir. Ödənişlər isə xarici hökumət hesabına deyil, nəzarət altında olan hesablara köçürüləcək. "48" lisenziyası Venesuelada neft və qazın kəşfiyyatı, işlənməsi və istehsalı üçün ABŞ-dən malların, texnologiyanın və xidmətlərin tədarükünə icazə verir. "30B" lisenziyası isə Venesuela limanlarının və hava limanlarının fəaliyyətini təmin edən əməliyyatlara şamil edilir. Bütün lisenziyalar Rusiya, İran, Şimali Koreya, Kuba və onların nəzarətindəki qurumlarla əməliyyatları qadağan edir. ABŞ bu addımı Venesuelada enerji sektorunu bərpa etmək məqsədilə atıb. Xatırladaq ki, ötən ay genişmiqyaslı əməliyyat nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs olunaraq Nyu-Yorka köçürülüb, vitse-prezident Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib. Qeyd olunur ki, Rusiya və Venesuela strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində neft hasilatı və marketinqi sahəsində əməkdaşlığı davam etdirirlər.
Mənbə
oxu.az