Dünya
Qalibaf ABŞ-nin İrana yeni təkliflər göndərdiyini açıqladı
İran Hörmüz boğazını yalnız Tehranın İslamabad razılaşmasına əsaslanan yeddi şərti tam yerinə yetirildikdən sonra açacağını bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf açıqlayıb. O bildirib ki, Vaşinqton kütləvi informasiya vasitələrində fərqli ritorika nümayiş etdirsə də, son vaxtlar qapalı danışıqları intensivləşdirib. "Mediada tamamilə fərqli danışan amerikalılar son vaxtlar vasitəçilər vasitəsilə bir sıra təkliflər irəli sürüblər. Lakin onlar anlamalıdırlar ki, vaxtı uzatmaq və birtərəfli tələblər irəli sürmək dövrü artıq geridə qalıb", - deyə İran parlamentinin sədri vurğulayıb. Qalibaf İranın mövqeyinin "tamamilə şəffaf və qəti" olduğunu qeyd edib. "İslamabad razılaşmasına əsaslanan yeddi şərtimiz yerinə yetirilməyənədək Hörmüz boğazı açılmayacaq", - deyə o bildirib.
Mənbə
oxu.az