Dünya
2026-cı ildə çip satışlarının həcmi bir trilyon dollara çata bilər
2026-cı ildə dünya üzrə çip satışlarının həcmi bir trilyon dollara çata bilər. Oxu.Az bu barədə Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) saytına istinadən xəbər verir. SIA-nın məlumatına görə, 2025-ci ildə çip satışları rekord həddə - 791.7 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25.6% çoxdur. SIA ekspertlərinin fikrincə, eyni artım tempinin 2026-cı ildə də qorunacağı gözlənilir, çünki qlobal texnologiya şirkətləri süni intellekt üçün məlumat mərkəzlərinin yaradılmasına yüz milyardlarla dollar xərcləyirlər ki, burada da yeni çiplərə böyük ehtiyac var. 2025-ci ildə satışlar ən çox Asiya-Sakit okean regionunda (45%), həmçinin Şimali və Cənubi Amerikada (30,5%) artıb. Dünyada ən böyük tələbat "Nvidia", AMD və "Intel" tərəfindən istehsal olunan perspektivli hesablama sistemləri üçün nəzərdə tutulan çiplərə müşahidə olunub.
Mənbə
oxu.az