Dünya
Əfqanıstan vətəndaşından ağlasığmaz fırıldaq: Saxta sənədlə Qazaxıstanda özünə mənzil aldı
Əfqanıstan vətəndaşı özünü qazax kimi təqdim edərək, kandaslar (əvvəllər Qazaxıstan vətəndaşlığı olmayan və tarixi vətənlərinə daimi yaşayış üçün gəlmiş, rəsmi status almış etnik qazaxlar - red.) üçün nəzərdə tutulan sosial ödənişlər hesabına mənzil alıb. Oxu.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Pavlodar vilayətinin prokurorluğu açıqlama yayıb. Araşdırma zamanı müəyyən olunub ki, Əfqanıstan vətəndaşı qazax milliyyətinə mənsub olduğunu göstərən saxta sənədlər və yalan məlumatlar təqdim edib və nəticədə qanunsuz olaraq sosial ödənişlər alıb. Həmin vəsait hesabına o, 20 milyon tenge (təxminən 69 min manat - red.) dəyərində mənzil əldə edib. Məhkəmə əmlakın müsadirə olunması barədə qərar çıxarıb. Qeyd olunur ki, məhkəmə aktı hələ qanuni qüvvəyə minməyib. Fakt üzrə dələduzluq maddəsi ilə istintaq davam edir.
Mənbə
oxu.az