Dünya
Türkiyəli nazir: "Qardaş ölkənin dəstəyi sayəsində Azərbaycan məhəlləsi ilə nümunəvi bir işə imza atdıq"
"Zəlzələ nəticəsində 150 milyard dollara çatan maddi zərərlə üzləşdik. Bu zəlzələlər səbəbindən 2 milyon vətəndaşımız başqa bölgələrimizə köçmək məcburiyyətində qaldı. "Ümidimiz dərdimizdən böyük olmalıdır" dedik və ümidimizi heç vaxt itirmədik. Zəlzələdən cəmi 15 gün sonra ilk təməlləri atdıq və ilk evlərin açarlarını vətəndaşlarımıza təqdim etdik". Oxu.Az-ın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu sözləri bu ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiyalar İdarəsinin təşkilatçılığı ilə keçirilən "Əsrin inşası" adlı tədbirdə deyib. "Fəlakətdən sonra 11 rayonda, 4 333 kənddə və 174 fərqli ərazidə 3 481 tikinti sahəsi yaratdıq, 200 min insanla gecə-gündüz fasiləsiz çalışdıq. Xalqımızın dəstəyi ilə yenidənqurma prosesində böyük bir mərhələyə imza atdıq", - deyə nazir vurğulayıb. Türkiyəli hökumət üzvü Azərbaycanın dəstəyindən də danışıb: "Kahramanmaraş zəlzələdən ağır zərərgörmüş bölgələrimizdən biri idi. Burada 93 min 500 mənzil və kənd evi inşa etdik. Azərbaycan məhəlləsi layihəsi ilə dost və qardaş ölkəmizin dəstəyi sayəsində nümunəvi bir işə imza atdıq. Hörmətli prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev birgə keçirilən mərasimdə evlərin açarlarını vətəndaşlarımıza təqdim etdilər". Mərahim Nəsib
Mənbə
oxu.az