İdman
Kantenin "Fənərbağça"ya transferi baş tutmayıb - Səbəb
Nqolo Kantenin "Fənərbağça"ya transferi baş tutmayıb. Oxu.Az sport24.ru-ya istinadən xəbər verir ki, "Fənərbağça" Kantenin Türkiyə klubuna transferinin "Əl-İttihad"ın səhvi səbəbindən baş tutmadığını açıqlayıb. "Nqolo Kante, Yusif ən-Nəsiri və "Əl-İttihad"la bağlı transfer prosesi klubumuz tərəfindən plana uyğun və bütün aspektlərdə son dərəcə diqqətlə həyata keçirildi. Oyunçularla razılaşmalar əldə edildi, tibbi müayinələr başa çatdırıldı, bütün lazımi təsdiqlər alındı və klubumuz bütün öhdəliklərini tam şəkildə və müəyyən edilmiş müddətlərdə yerinə yetirdi. Transfer qeydiyyatı ilə bağlı sənədlər müəyyən edilmiş müddətlərdə, tam şəkildə və bütün tələblərə uyğun olaraq sistemə yükləndi. Lakin digər klub tərəfindən TMS-ə (transfer idarəetmə sistemi) məlumatların səhv daxil edilməsi səbəbindən bizdən asılı olmayan əməliyyatlar transfer qeydiyyatı müddəti ərzində tamamlanmadı. Buna görə də əlavə vaxt istəndi və klubumuz FIFA ilə lazımi danışıqları apardı və vəziyyəti həll etmək üçün bütün addımları atdı. Buna baxmayaraq, davam edən proses zamanı digər klub prosedurları bitirdi və bizə heç bir izahat vermədi. Bu hadisələr nəticəsində təəssüf ki, bu transfer prosesi başa çatdırıla bilmədi", - deyə açıqlamada qeyd olunub. Qeyd edək ki, daha əvvəl tərəflər arasında hər iki oyunçunun transferi ilə bağlı razılıq əldə olunmuşdu. Hətta Nqolo Kante tibbi müayinədən də keçmişdi.
Mənbə
oxu.az