Cəmiyyət

Gəncədə qanunsuz ağac kəsimi: "Eldar şamları məhv edilib"

28 Jan 2026, 17:40 2 baxış
Gəncədə qanunsuz ağac kəsimi: "Eldar şamları məhv edilib"
Gəncə şəhərində ağacların kütləvi şəkildə kəsilməsi sakinlərin narazılığına səbəb olub. Bununla bağlı Oxu.Az-a şikayət daxil olub. Qeyd olunub ki, şəhərin Atatürk prospekti, 35 ünvanında bir neçə ağac kəsilib.
"Həmin ağacların içində Eldar şamı da var. Kimsə rahat şəkildə ağacları qırır, buna nəzarət edən yoxdur", - deyə şikayətdə bildirilib. Oxu.Az-ın sorğusuna cavab olaraq, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti faktı təsdiqləyib. Qeyd edilib ki, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri, Atatürk prospekti, 35 ünvanında, Sidqi Ruhulla küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində ağacların kəsilməsi faktı aşkar olunub. "Araşdırma zamanı sözügedən ərazidə vətəndaş Əfiyət Bayramovaya məxsus torpaq sahəsində yeddi ədəd Eldar şamı və tut ağacının kəsildiyi, təbiətə 19 050 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Kəsilən ağacların yerinə yeni ağacların əkilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət olunub", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər