Cəmiyyət
Həyatın yenidən canlandığı Ağdərə rayonundan REPORTAJ
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı bərpa işləri uğurla davam etdirilir. Doğma yurdlarına qayıdan sakinlərin məskunlaşdığı ərazilərdən biri də Ağdərə rayonudur. Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, 1992-ci ilin 4 iyul tarixində rayon və ətraf kəndləri erməni silahlı birləşmələrinin işğalından azad edilsə də, təəssüf ki, döyüş meydanında əldə edilən bu cür mühüm qələbəni qoruyub saxlamaq mümkün olmamışdı. Azərbaycan Ordusunun 2023-cü ilin 20 sentyabr tarixində keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə həmin ilin 5 dekabrında yenidən müstəqil rayon statusu alıb. Rayon ərazisində zəngin daş kömür, əhəngdaşı, qızıl və mis, qurğuşun, sink yataqları mövcuddur. Məhz həmin yataqların yerləşdiyi ərazilərdən biri rayonun Aşağı Oratağ kəndidir. Yenicə doğma sakinlərinə qucaq açan kənddə canlanma hiss olunur. Yol boyunca evlərin bacasından çıxan tüstü, küçə-küçə, məhəllə-məhəllə toplaşan adamlar artıq kəndə həyatın qayıtmasının ən yaxşı nişanələridir. Hümbətovlar ailəsi Ağdərənin ilk sakinlərindəndir. Ailə Beyləqanın Bolsulu kəndindəki köçkün həyatlarını başa vurub, yenidən doğma torpaqlara qayıtmağın sevincini yaşayır. Ailə başçısı Teymur Hümbətov ata-baba yurdlarına qayıtdıqları üçün özünü çox xoşbəxt hiss etdiyini deyib. O bildirib ki, Ağdərədən çıxanda 14 yaşı vardı, indi isə ailəsi və iki oğlu ilə yenidən buradadır. Beyləqandakı şirkətlərin birində oğlu ilə birlikdə işlədiyini deyən T.Hümbətov tezliklə Ağdərədə bütün infrastrukturun qurulacağı, burada işlə təmin olunacaqları günü gözlədiklərini deyib. Beşotaqlı evlə təmin olunduqlarını deyən evin xanımı Zeynəb Hümbətova isə doğma yurd-yuvalarından qaçqın düşdükləri günü xatırladığını bildirib. Həmin vaxt 12 yaşı olan Zeynəb xanım ailələrinin Birinci Qarabağ döyüşlərində üç şəhid verdiyini deyib. O, oğlunun antiterror əməliyyatlarında iştirak etdiyini, indi məhz onların qəhrəmanlıqları ilə azad olunan torpaqlarda yaşamaqdan qürur duyduğunu da sözlərinə əlavə edib. Həyatın yenidən canlandığı Ağdərə rayonundan fotoreportajı təqdim edirik:
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə
oxu.az