Cəmiyyət
Çətin həyat şəraitində olan uşaqların müdafiəsi ilə bağlı yeni mexanizmlər müəyyən edilir
Çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Uşaq hüquqları haqqında" Qanuna xüsusi fəsil daxil edilib. Oxu.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Sosial xidmət haqqında" Qanuna və "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə dəyişiklik layihəsində əksini tapıb. Təklif olunan dəyişikliklərə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkinlik yaşına çatmış şəxslərdən fərqli olaraq özünümüdafiə və müstəqil müraciət etmək qabiliyyətinin daha zəif olması, aşkarlanarkən onlar barəsində təcili və təxirə salınmaz tədbirlərin həyata keçirilməsini tələb edir. Bu istiqamətdə məsul qurumun üzərinə konkret vəzifələr düşür. Bundan irəli gələrək "Sosial xidmət haqqında" Qanuna və "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"yə yeni normaların daxil edilməsi nəzərdə tutulur. Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar çətin həyat şəraitində olan uşaqları (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) aşkarlayan qurum olaraq müəyyən edilir. Mərahim Nəsib
Mənbə
oxu.az