Dünya
Türkiyəli mütəxəssis Balıkesirdə baş verən zəlzələ haqqında: "Tədqiqatlar yaxınlaşdığını göstərirdi"
Türkiyənin Balıkesir şəhərinin Sındırgı rayonunda yerli vaxtla saat 00:24-də 5,1 bal gücündə zəlzələ baş verib. Türkiyədənin Dokuz Eylül Universitetinin Ümumi Geologiya kafedrasının müəllimi, professor Hasan Sözbilir Oxu.Az-a müsahibəsində zəlzələ ilə bağlı fikirlərini ifadə edib. "Davam edən Sındırgı zəlzələlərinin 165-ci günündə gecəyarısı baş verən 5,1 bal gücündə zəlzələ sistemin gərginliyini əhəmiyyətli dərəcədə azaldıb. Sındırgıda 10 avqust və 27 oktyabr 2025-ci il tarixlərində baş verən zəlzələlərdən sonra afterşokların sayı 25 000-i keçib. 10 avqustdan bəri AFAD stansiyalarından istifadə edərək Sındırgı zəlzələ aktivliyini saniyə-saniyə izləməyə davam edirik. Hər iki zəlzələdən sonra ərazidə apardığımız tədqiqatlar sayəsində Sındırgının cənubundakı dağlıq bölgədə 40 km uzunluğuna çatan Emendere qırılma xətti zonası adlandırdığımız çoxseqmentli aktiv seysmik mənbənin xəritəsini çəkmişdik. İlk zəlzələdə bu qırılma xəttinin ən qərbdəki seqmentinin parçalandığını və afterşok aktivliyinin qırılma xətti zonası boyunca cənub-şərqə doğru istiqamətləndiyini müəyyən etmişdik. Həqiqətən də, 27 oktyabrda 6,1 bal gücündə ikinci əsas təkan baş vermişdi. Lakin bu əsas təkandan sonra afterşok aktivliyinin davam etdiyini və gərginliyin cənub-şərqdəki 3-cü seqmentə doğru cəmləşdiyini müəyyən etmişdik. Bu gün, saat 00:24-də xəritəsini çəkdiyimiz qırılma xətti zonasının ən şərqdəki seqmenti 5,1 bal gücündə zəlzələ yaratdı. Bölgədə indiyə qədər apardığımız seysmoloji təhlillər, geodeziya tədqiqatları və gərginlik təhlilləri bu zəlzələnin yaxınlaşdığını göstərirdi. Beləliklə, son 5 ay ərzində Sındırgı ətrafında davam edən zəlzələ aktivliyi çox sayda zəlzələ qasırğası/zəlzələ ardıcıllığı şəklində davam edir. İkinci əsas təkandan sonra biz eynə oxşar böyüklükdə zəlzələ gözləyirdik. Lakin 5,1 bal gücündə zəlzələ baş verdi. Bu mərhələdən sonra zəlzələ qasırğası ilə özünü göstərən afterşok aktivliyinin davam edəcəyi gözlənilir. Sındırgı əhalisinin rəsmi orqanlardan gələn xəbərlərə uyğun hərəkət etməsi və zədələnmiş binalara girməməsi əhəmiyyət kəsb edir", - deyə Hasan Sözbilir qeyd edib. Söhrab İsmayıl
Mənbə
oxu.az