Siyasət

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişiklik təklif edilir

22 Jan 2026, 16:00 2 baxış
"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişiklik təklif edilir
Dəniz və hava limanlarının ərazilərinin artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur. Oxu.Az xəbər verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb. Təklif edilən dəyişikliklərə əsasən, dövlət mülkiyyətində olan hava limanlarının (aeroportların) və ya aerodromların genişləndirilməsi, eləcə də yeni hava limanlarının (aeroportların) və ya aerodromların inşası torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar siyahısına daxil edilir. Qanun layihəsi hava limanlarının tikintisi və ərazisinin genişləndirilməsi zamanı torpaq sahəsinin daha çevik alınmasına, bu sahədə yaranan mübahisələrin operativ həllinə xidmət edəcək. Mövcud qanunda isə torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar siyahısına dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi aiddir. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər