İdman
Fransalı olimpiya çempionu nüfuzlu yarışı şərh etməkdən kənarlaşdırıldı
Fransanın fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə Olimpiya çempionu Qabriella Papadakis 2026-cı ildə İtaliyada keçiriləcək Olimpiya Oyunlarında şərhçilik etməkdən kənarlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə tanınmış idmançı "L'Equipe" nəşrinə danışıb. İdmançının sözlərinə görə, belə qərar keçmiş partnyoru Qiyom Sizeronun şikayətindən sonra verilib. "Bildiyim qədəri ilə, Sizeronun rəsmi şikayətindən sonra kanal mənim neytrallığımın pozulduğuna və Olimpiya Oyunları ilə bağlı şərh verə bilməyəcəyimə qərar verdi. Onların mövqeyini başa düşürəm, amma qərarın ədalətsiz olduğunu düşünürəm", - deyə idmançı bildirib. Daha əvvəl Papadakis avtobioqrafiyasında son illərdə Sizeronla münasibətlərinin xeyli pisləşdiyini açıqlamışdı. İdmançılar 2024-cü ilin dekabr ayında ayrıldıqlarını elan ediblər. Onlar 2008-ci ildən bəri birlikdə yarışıblar. 2022-ci il Pekin Olimpiadasında idmançılar ümumilikdə 226.61 xal toplayaraq dünya rekordu vurublar. Papadakis və Sizeron, həmçinin beşqat dünya və Avropa çempionlarıdır. 2025-ci ildən bəri Sizeron Lorans Furnye-Bodri ilə duetdə yarışır.
Mənbə
oxu.az