Dünya

ABŞ-də maraqlı hadisə: Nəhəng "qonaq" zirzəmini zəbt etdi

10 Jan 2026, 03:31 1 baxış
ABŞ-də maraqlı hadisə: Nəhəng "qonaq" zirzəmini zəbt etdi
ABŞ-nin Kaliforniya ştatında maraqlı hadisə baş verib. Ştat sakininin evinin zirzəmisində nəhəng ayı məskunlaşıb və bir aydan çox müddət ərzində heyvanı oradan çıxarmaq mümkün olmayıb. Oxu.Az bildirir ki, bu barədə "New York Post" nəşri yazıb. Məlumata görə, San-Qabriel dağlarının ətəklərində yerləşən kiçik Altadena yaşayış məntəqəsinin sakini Ken Consonun evinin zirzəmisində ötən ilin noyabr ayında təxminən 250 kiloqram çəkisi olan ayı məskunlaşıb. Bu çəki təqribən üç yetkin kişinin çəkisinə bərabərdir. Conson dərhal kömək üçün rəsmi qurumlara müraciət edib. Kaliforniyanın Vəhşi Təbiət və Balıqçılıq Departamenti standart prosedura uyğun olaraq evin yaxınlığında tələ qurub. Lakin bu cəhd nəticə verməyib - tələyə tamamilə fərqli, daha kiçik ölçülü ayı düşüb. İlkin uğursuzluqdan sonra departament əməkdaşları "B planı"na keçərək yüksək səslər və fitlər vasitəsilə ayını qorxutmağa çalışıblar. Ancaq ayı səs-küyə qarşı davamlı olub və Consonun zirzəmisini yeni evi kimi qəbul etməyə davam edib. Nəşrin yazdığına görə, "yeni qonşu" Consonun Milad bayramını korlayıb və onu bir neçə həftə ərzində gərgin vəziyyətdə saxlayıb. Ev sahibi bayram əhvali-ruhiyyəsi əvəzinə öz təhlükəsizliyi və əmlakı üçün narahatlıq keçirib, daimi stres yaşayıb. Bir neçə uğursuz cəhddən sonra departament nümayəndələri vəziyyətin öhdəsindən gələ bilmədiklərini etiraf edərək Consona daha kömək edə bilməyəcəklərini bildiriblər. Bu münasibətdən narazı qalan Conson hətta qurumu hərəkətsizlikdə ittiham edərək məhkəməyə verməyi də düşünüb. Çarəsiz qalan Ken Conson sonda Ayı Liqası ("Bear League") adlı ixtisaslaşmış qeyri-kommersiya təşkilatına müraciət edib. Təşkilat vəhşi ayıların təhlükəsiz şəkildə tutulması və köçürülməsi ilə məşğuldur. Onların təcrübəli mütəxəssisləri qeyri-standart üsula əl atıblar - ayıya bitki yağı ilə doldurulmuş peyntbol topları atıblar. Təəccüblüdür ki, bu üsul demək olar ki, dərhal nəticə verib. Belə "bombardman"dan cəmi 20 dəqiqə sonra ayı zirzəmini tərk edərək ərazidən uzaqlaşıb. Yaşadığı acı təcrübədən nəticə çıxaran Conson ayının geri qayıtmasının qarşısını almaq üçün dərhal tədbirlər görüb. O, zirzəminin girişini ikiqat möhkəm faner və qum torbaları ilə barrikada edib. Əlavə təhlükəsizlik məqsədilə giriş hissəsində xüsusi elektrik döşəmə də quraşdırılıb. Consonun uzaqgörənliyi özünü doğruldub: bir müddət sonra ayı qayıtmağa cəhd etsə də, elektrik cərəyanı aldıqdan sonra tez geri çəkilib və bir daha əraziyə yaxınlaşmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər