İdman
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? - Özündən AÇIQLAMA
İran yığmasından ayrılaraq Azərbaycan millisinə keçən güləşçi Əmirrza Məsumi sosial şəbəkə hesabında paylaşım edib. Oxu.Az xəbər verir ki, 21 yaşlı idmançı qərarının səbəbini açıqlayıb. "21 yaşıma qədər İran milli komandasının üzvü olmuşam və doğulub boya-başa çatdığım ölkənin bayrağını qürurla daşımışam. Bu müddət ərzində 17, 20 və 23 yaşlılar arasında keçirilən dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmağa müvəffəq olmuşam. Bu uğurlarda əməyi olan bütün məşqçilərə və daim mənə dəstək göstərən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Bu gündən etibarən idman karyeramda yeni bir mərhələ başlayır. Artıq Azərbaycan milli komandasının üzvüyəm və bundan sonra Azərbaycan milli komandası heyətində mübarizə aparacağam. Təəssüf ki, sosial şəbəkələrdə bu keçidin əsas səbəbinin maliyyə olduğu iddia edilir. Lakin bu iddia həqiqəti əks etdirmir. Düzdür, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım, amma Azərbaycanın idmana peşəkar baxışı, güləş aləmindəki əfsanəvi simaların və dostlarımızın burada olması, həmçinin ilk gündən göstərilən səmimi və hörmətli münasibət qərarımda həlledici rol oynadı. Hesab edirəm ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət, peşəkar karyeramda daha böyük uğurlara imza atmağım üçün lazımi imkanı yaradır. Bu yolda mənə böyük etimad göstərən Azərbaycan Güləş Federasiyasına və məni böyük səmimiyyətlə qarşılayan Azərbaycan xalqına ürəkdən təşəkkür edirəm. Bu etimadı doğrultmaq üçün bütün gücümlə çalışacaq və beynəlxalq arenalarda ölkəmi layiqincə təmsil edəcəyəm", - deyə Məsumi vurğulayıb.
Mənbə
oxu.az