İdman

İlham Əliyevin uğurlu idman siyasəti: Keçilən çətin və şərəfli yol - ŞƏRH

29 Dec 2025, 12:44 1 baxış
İlham Əliyevin uğurlu idman siyasəti: Keçilən çətin və şərəfli yol - ŞƏRH
"Bu günlərdə ölkə ictimaiyyətinin, xüsusilə idmançılarımızın, idman mütəxəssislərimizin, bütövlükdə idmanı sevən hər kəsin diqqəti 26 dekabr 2025-ci il tarixində bu sahə üzrə ilin yekunlarına həsr olunan mərasimə yönəlmişdi. Ölkəmizin idman tarixində artıq ənənə halını almış bu tədbirdə həm il ərzində əldə olunan nailiyyətlər, qarşıya qoyulmuş hədəflər müzakirə olundu, eyni zamanda idmançılarımız, sahə mütəxəssislərimiz mükafatlandırıldılar. Ümumiyyətlə, dünyada çoxəsrlik tarixə malik idman sahəsi öz həyəcanı ilə hər zaman sülh və dostluq rəmzi olaraq insanların qəlbində dərin iz buraxıb". Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Məzahir Əfəndiyev deyib.
O bildirib ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda idman sahəsi də dövlət səviyyəsində, xüsusilə Olimpiya hərəkatı çərçivəsində çətin və şərəfli inkişaf yolu keçib: "Ölkəmizdə Milli Olimpiya Komitəsinin 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, yalnız 1997-ci ildən etibarən bu sahədə əhəmiyyətli inkişafa nail olundu. Belə ki, həmin il Milli Olimpiya Komitəsinin yenidən təşkil olunması, İlham Əliyevin yekdilliklə Komitənin Prezidenti seçilməsi Azərbaycanın idman siyasətinin və Olimpiya hərəkatının yeni müstəvidə müstəqil inkişafında mühüm rol oynadı. Məhz İlham Əliyev idmanın və Olimpiya hərəkatının inkişafına yönəlik təşəbbüsləri ilə ölkənin beynəlxalq idman arenasında daha da tanınmasına və uğurlar əldə etməsinə əhəmiyyətli töhfələr verdi. Ümumiyyətlə, Azərbaycan ilk dəfə 1998-ci ildə Yaponiyada keçirilən Qış Olimpiya oyunlarında təmsil olunsa da, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Olimpiya oyunları ölkəmizin idman tarixində ən böyük uğurlardan oldu. O zaman ulu öndər Heydər Əliyevin Sidney Olimpiya Oyunlarına Azərbaycan idmançılarını şəxsən yola salarkən göstərdiyi diqqət və dəstək idmanın inkişafı üçün yeni bir dövrün başlanğıcı oldu. Sidney Olimpiadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandı. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu". "Ümummilli liderin rəhbərliyi ilə dövlət idman siyasəti yeni bir mərhələyə yüksəldi, gənclərə vətənpərvərlik və sevgi hisslərini aşılanması ilə yanaşı, idmanın hərtərəfli inkişafına şərait yaradıldı. Bu gün regionlarımızda fəaliyyət göstərən Olimpiya İdman komplekslərinin sayı artıq 46-ya çatıb. Şərqi Zəngəzur və Qarabağ İqtisadi Rayonları da daxil olmaqla bölgələrimizdə demək olar ki, hər bir idman növünün inkişafı üçün zəruri infrastruktur yaradılır, xüsusilə idman turizmi inkişaf etdirilir. Azərbaycanda bu günə qədər ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, Üçüncü MDB Oyunları, "Formula-1" Azərbaycan Qran-prisi kimi bir sıra beynəlxalq idman turnirlərinin keçirilməsi gənclərimizin idmanla məşğul olmağa həvəsini daha da artırıb. Bu yanaşma idmançılarımızın beynəlxalq arenada daha yüksək nəticələr əldə etməsinə və Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınmasına xüsusi təkan verdi", - deyə deputat vurğulayıb. Parlamentari əlavə edib ki, 2025-ci ildə idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb: "Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən idmanın müxtəlif sahələrində 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılması ölkə başçısının birbaşa nəzarəti ilə aparılan idman siyasətinin verdiyi müsbət nəticələrin bariz nümunəsidir. Təsadüfi deyil ki, Bakı şəhəri 2026-cı ildə "Dünyanın İdman Paytaxtı" elan edilib. Bu gün həm fiziki, həm də mənəvi olaraq sağlam, vətənpərvər Azərbaycan gəncliyinin yetişməsi idman sahəsi də daxil olmaqla, gələcəkdə bütün sferalarda əldə olunan nailiyyətlərin əsasını təşkil edəcək. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 26 dekabr 2025-ci il tarixində ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı ciddi mesaj verdi: "Gənclərin fiziki hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər. İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi var". İdmançılarımızın beynəlxalq yarışlarda Azərbaycanı təmsil edərkən qazandıqları qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər