Siyasət

Səfir: "Çin-Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açılıb"

25 Dec 2025, 11:38 1 baxış
Səfir: "Çin-Azərbaycan münasibətlərinin inkişafında yeni səhifə açılıb"
"Dövlət başçıları səviyyəsində diplomatiya Çin-Azərbaycan münasibətlərinin inkişafında əsas rol oynayır. Bu il Çin və Azərbaycan liderlərinin diplomatik fəaliyyəti çoxsaylı yaddaqalan məqamlar və səmərəli nəticələrlə ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldib". Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, aprel ayında Prezident İlham Əliyev Çinə dövlət səfəri edib və ÇXR Sədri Si Cinpinlə danışıqlar aparıb, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair bir sıra mühüm razılaşmalar əldə olunub: "İki ölkənin dövlət başçıları hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair Birgə Bəyanatı imzalayıblar, həmçinin 20 əməkdaşlıq sənədinin imzalanmasına şahidlik ediblər. Bu, Çin-Azərbaycan münasibətlərinin inkişafında yeni bir səhifə açıb". "Avqustun sonu - sentyabrın əvvəllərində Prezident İlham Əliyev yenidən Çinə səfər edərək Tyançzin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində, eləcə də Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət Müharibəsində və İkinci dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. Bu səfər hər iki tərəfin beynəlxalq nizamı birgə qorumaq və faşizmin yenidən dirçəlişinə qarşı çıxmaq əzmini açıq şəkildə nümayiş etdirdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Çinə hər iki səfəri zamanı onu həyat yoldaşı və ailə üzvləri müşayiət ediblər. Bir azərbaycanlı dostum mənə demişdi ki, Prezident İlham Əliyev yalnız dost ölkələrə etdiyi xarici səfərlərdə ailə üzvlərini özü ilə aparır. Bu, onun Çini etibarlı dost kimi gördüyünü nümayiş etdirir. Görüş zamanı Sədr Si Cinpin Prezident İlham Əliyevi Çin xalqının uzunmüddətli dostu adlandırıb. Məhz dövlət başçıları səviyyəsində diplomatiyanın rəhbərliyi altında cari il ərzində Çin və Azərbaycan arasında bütün səviyyələrdə və müxtəlif sahələr üzrə intensiv qarşılıqlı səfərlər həyata keçirilib, ikitərəfli nümayəndə heyətlərinin səfərlərinin sayı tarixi maksimum həddə çatıb". Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər