Siyasət
Səfir: "Çin Azərbaycanla çoxtərəfli əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə hazırdır"
"Azərbaycan-Çin iqtisadi və ticarət əməkdaşlığı üzrə koordinator olan Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin tapşırıqlarını fəal şəkildə icra edərək bu il iki dəfə Çinə səfər edib və praktik əməkdaşlığın təşviqinə mühüm töhfə verib. Hər iki ölkənin dövlət qurumları, hakim partiyaları, müəssisələri və yerli idarəetmə orqanları dövlət başçılarının əldə etdiyi mühüm razılaşmaların icrası üçün sıx koordinasiya şəraitində fəaliyyət göstərib və əhəmiyyətli nəticələr əldə ediblər". Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, hər iki tərəf, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstəyi davam etdiriblər. "Çin Azərbaycanın ŞƏT-ə üzv olmasını dəstəkləyir, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi çərçivəsində fəaliyyətini dəstəkləyir və Azərbaycanın beynəlxalq məsələlərdə fəal iştirakını alqışlayır. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfə verir. Çin Azərbaycanla çoxtərəfli əməkdaşlığı bundan sonra da möhkəmləndirməyə, Qlobal Cənub ölkələrinin ümumi maraqlarını qorumağa və bütün bəşəriyyət üçün vahid taleyə malik cəmiyyətin qurulmasına töhfə verməyə hazırdır", - səfir əlavə edib. Mərahim Nəsib
Mənbə
oxu.az