Cəmiyyət
ADSEA daha bir qəsəbə və kəndi içməli su ilə təmin edib
Hacıqabul rayonunun Muğan qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub. Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərdən biri Hacıqabul rayonunun böyük qəsəbələrindən sayılan Muğan qəsəbəsində reallaşıb. Bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər. Qeyd olunub ki, Muğan qəsəbəsində 5 843 nəfər əhali məskunlaşır. Qəsəbənin günlük su tələbatı 1 200 m³ təşkil edir. Kür-Bakı magistral su xəttindən ayrılmış, uzunluğu 5 000 metr olan ana xətt və 20 km müxtəlif diametrli daxili şəbəkə vasitəsilə Muğan qəsəbəsində yerləşən 890 fərdi yaşayış evi tam şəkildə içməli su ilə təmin olunub, 890 təsərrüfata birləşmə verilib və bütün abonentlər sayğaclaşdırılıb. Şəbəkənin ümumi uzunluğu 115 km təşkil edir. Bildirilib ki, Hacıqabul rayonunda 2026-cı ildə tikintisi planlaşdırılan Qubalı, Tağlı, Birinci Udulu, İkinci Udulu, Birinci Paşalı, İkinci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlər görüləcək. Bu ərazilərin ümumi əhali sayı 7 184 nəfərdir. Həmçinin əhalisi 3 192 nəfər və 820 təsərrüfatdan ibarət olan Qarasu kəndində də yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır. Sonda çıxış edən Muğan qəsəbəsinin sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Həmçinin Masallı rayonunun Bala Təklə kəndinə fasiləsiz içməli su verilib. Bildirilib ki, layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib. Qeyd olunub ki, Masallı rayonu, Bala Təklə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Qəriblər-Masallı su kəmərinin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud su şəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni su xətləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatı sisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Layihə çərçivəsində Bala Təklə kəndində 635 nəfər əhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təmin olunub. Masallı şəhərinin içməli su təchizatı Viləşçay su anbarından götürülərək sutəmizləyici qurğular kompleksi vasitəsilə həyata keçirilir. Şəhərin su təchizatı sisteminə layihə məhsuldarlığı sutkada 22 000 m³ olan 1 ədəd sutəmizləyici qurğular kompleksi, 7,2 km magistral xətt, 218 km daxili paylayıcı şəbəkə, hər biri 2 500 m³ tutuma malik 2 su anbarı, 2 ədəd su nasos stansiyası daxildir. Eyni zamanda layihə məhsuldarlığı sutkada 7 500 m³ olan 1 ədəd tullantı su təmizləyici qurğu, 6 ədəd çirkab su nasos stansiyası və 217 km kanalizasiya şəbəkəsi istismar olunur. Masallı şəhərində abonentlərin sayı 7 362, kəndlər üzrə isə 1 727 olmaqla ümumilikdə rayon üzrə 9 089 abonentə xidmət göstərilir. Hazırda Masallı rayonu üzrə 2 kənd şəbəkə sistemi, 6 kənd isə bulaq sistemli şəbəkə vasitəsilə olmaqla ümumilikdə 8 yaşayış məntəqəsi içməli su ilə təmin olunur. Qeyd edək ki, 2026-cı il ərzində layihənin davamı olaraq Kürdəbazlı və digər kəndlərdə su şəbəkəsinin tikintisi və sayğacların quraşdırılması işlərinin icrası planlaşdırılır. Sonda Bala Təklə kəndinin ağsaqqalları göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az