Cəmiyyət

Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalmış türk kəndləri

23 Dec 2025, 22:48 1 baxış
Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalmış türk kəndləri
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Ermənilərin yerində su anbarı tikdiyi türk kəndi" adlı süjet hazırlanıb. Bugünkü süjetdə erməni saxtakarlığına və addəyişmə terroruna məruz qalan Baharlı və Bahar bəyin bağları toponimi haqqında məlumat verilir. Bildirilir ki, iki əsrdən çoxdur rus və erməni şovinistlərinin "parçala və hökm sür" düşüncəsi ilə azərbaycanlılara məxsus ərazilərin və toponimlərin işğalına dair verdikləri qərar və fərmanların əsas hədəfi oğuz-türk izlərini silmək olub. Baharlı-Zəngəzur mahalının Qafan rayonunda kənd olub. Kənddə 1831-ci ildən yaşayan azərbaycanlılar 1918-ci ildə ermənilər tərəfindən deportasiya olunub. 1920-ci ildə onlar yenidən evlərinə dönsələr də, kənd ötən əsrin 50-ci illərində Kığı kəndi ilə birləşdirilib. Daha sonra kəndin yerində Gecalan Mis-Molibden Kombinatı üçün su anbarı tikilib və kənd tamamilə ləğv edilib. Baharlı həmçinin Zəngəzur mahalının Qarakilsə (sonralar Sisyan adlandırılan) rayonunda da yerləşib. 1917-ci ildə yerli sakinləri qırğınlarla qovulub və kənd ləğv edilərək xarabalığa çevrilib. Bahar bəyin bağları - Göyçə mahalının Çəmbərək (sonradan Krasnoselo adlandırılan) rayonunda yerləşən kənd olub və XIX əsrin əvvəllərində ləğv edilib. Sonda vurğulanır ki, addəyişmə terroruna məruz qalan Qərbi Azərbaycan toponimlərini, unudulmayan və unudulmayacaq türk izlərini tarixi mənbələrdən silmək mümkün deyil: "Çünki millətin yaddaşında, insanların beynində və qəlbində yaşayan Qərbi Azərbaycanın saxtakarlığa məruz qalmış yurd yerləri, oğuz türklərinin qədim zamanlardan bu günədək ünsiyyətdə işlədiyi və gələcəkdə də işlədəcəyi məkanlardır". Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin - oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından böyük əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını və coğrafiyasını əks etdirir. Hazırlanan süjetdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir. Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir. Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər