İdman
Qurban Qurbanovdan birinciliyi alan "Sabah"ın "milyonçu"su kimdir?
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas haqqında maraqlı məlumatlar üzə çıxıb. Oxu.Az xəbər verir ki, baş məşqçi 2002-ci ildə Litvanın LNK televiziyasında yayımlanan "Šeši nuliai - milijonas" (Altı sıfır - Bir milyon) viktorina şousunda iştirak edib və bu yarışdan 1 160 avro qazanıb. O, qazandığı pulla İngiltərəyə məşqçilik təhsili almağa gedib. Əvvəlcə poçtalyon, satıcı və rəngsaz kimi müxtəlif işlərdə çalışıb və Londonun narkotik satıcıları ilə dolu ən kasıb məhəlləsinin komandası olan "Kingsbury London Tigers"ə rəhbərlik etməli olub. Daha sonra "Fulhem", "Mançester Yunayted" və "Brentford" kimi köklü klubların akademiyalarında təhsil alan baş məşqçi, karyerası ərzində Litvanın "Ekranas" (2013-2014), "Jalgiris" (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın "Qoritsa" (2020-2021), "Hayduk" (2021-2022), Bolqarıstanın "Ludoqorets" (2021), Yunanıstanın "OFİ Krete" (2022-2023) və Macarıstanın "Dyoşdyor" (2025) klublarında çalışıb. Valdas Dambrauskas baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya Kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya Kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub. Dambrauskas sonradan Litva kanallarından birinə İngiltərədə öyrəndikləri barədə açıqlama verib. "Müxtəlif mədəniyyətlərdən olan insanlarla çalışmaq mənə öyrətdi ki, kimin necə geyindiyi, necə göründüyü və ya neçə döyməsi olması vacib deyil, bunun arxasında nəyin dayandığı, necə insan olması vacibdir". Litvalı baş məşqçi hazırda bu ilin yayından bəri "Sabah" klubuna rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 15 turdan sonra cəmi bir məğlubiyyət alıb və 34 xalla turnir cədvəlinə başçılıq edir. Qeyd edək ki, ötən gün Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" oyunu keçirilib. 2:1 hesablı qələbə qazanan ev sahibi 34 xalla turnir cədvəlində liderliyi əldə edib, 33 xala sahib olan "Qarabağ" isə ikinci yerdə qərarlaşıb.
Mənbə
oxu.az