İqtisadiyyat
Səfir: "Gəncə Avtomobil Zavodunda indiyədək 14 min Belarus traktoru yığılıb"
"Gəncə Avtomobil Zavodunda indiyədək 14 min Belarus traktoru yığılıb, hazırda isə yanğın-xilasetmə və digər texnikaların istehsalı həyata keçirilir. Bundan əlavə, "Vertus" şirkəti tərəfindən 279 lift istehsal olunub və bir sıra yeni layihələr icra mərhələsindədir". Oxu.Az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib. Səfir Azərbaycanda farmasevtika sənayesinin sürətlə inkişaf etdiyini də vurğulayaraq, bu sahədə Belarusla birgə istehsal üçün yüksək potensialın mövcud olduğunu bildirib. D.Pineviç Azərbaycanın ÜDM strukturunda qeyri-neft-qaz sektorunun payının artmasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu göstəricinin 2029-cu ilədək 70 faizə çatdırılması planları Belarus tərəfinin xüsusi marağına səbəb olur və bu prosesdə birgə layihələr, o cümlədən "Böyük Qayıdış" proqramı çərçivəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Töhfə Səməd
Mənbə
oxu.az