Dünya
ABŞ və Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəldilər
ABŞ və Avropa ölkələri qapalı rejimdə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin parametrləri ilə bağlı razılığa gəliblər və bu parametrlər gələcək atəşkəs sazişinin əsasını təşkil edəcək. Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri mənbələrə istinadən məlumat verib. "Ukraynada nizamlanma üzrə ABŞ-Avropa sülh planı Silahlı Qüvvələrin sayının dinc dövr üçün 900 000-dən 800 000-ə endirilməsini, ordunun gücləndirilməsini, Avropa qoşunlarının ölkə ərazisində yerləşdirilməsini və ABŞ kəşfiyyatının istifadəsinin genişləndirilməsini nəzərdə tutur", - deyə nəşr vəziyyətlə tanış olan rəsmi şəxslərə istinadən bildirib. Mənbələrin məlumatına görə, Berlində Ukrayna tərəfi ilə görüşən ABŞ və Avropa diplomatları təhlükəsizlik zəmanətlərinin müəyyən edildiyi iki sənədi təsdiqləyiblər. Qeyd edilir ki, təhlükəsizlik məsələləri üzrə bu iki sənəd atəşkəsə nail olmağa yönəlmiş daha geniş bir razılaşmanın təməl daşı kimi xidmət etmək, eləcə də Ukraynanı sülh sazişi çərçivəsində ərazini güzəştə getməyə və rəsmi şəkildə NATO üzvlüyündən imtina etməyə inandırmaq üçün nəzərdə tutulub.
Mənbə
oxu.az