Dünya
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Narek Mkrtçyan oktyabrın 2-də jurnalistlərə açıqlamasında TRIPP layihəsi ilə bağlı danışaraq, planlaşdırılan işlərin kifayət qədər sürətlə irəlilədiyini bildirib. Bu barədə Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir. "Proqramın bir il ərzində nə qədər irəlilədiyinə və hansı inkişafa nail olduğumuza baxsaq, deməliyəm ki, belə miqyaslı bir layihə üçün olduqca böyük nəticələrimiz var. Bildiyiniz kimi, hazırda araşdırma aparılır. Düşünürəm ki, bu proses yaxın bir-iki ay ərzində tamamlanacaq və bundan sonra, yəqin ki, 2027-ci ilin əvvəlində real addımların şahidi ola biləcəyik", - deyə Ermənistanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Narek Mkrtçyan vurğulayıb. Səfir, həmçinin bildirib ki, proqramın bir çox səviyyələri var və bu tədqiqat hazır olana, ondan irəli gələn müxtəlif fəaliyyət mərhələləri müəyyənləşənə qədər irəliləmək qeyri-mümkündür. "Tədqiqat işi sifariş edilib və onu Amerikanın AECOM şirkəti həyata keçirir. Tezliklə nəticələr məlum olacaq, qiymətləndirmə aparılacaq və daha sonra praktiki mərhələyə keçiləcək. Proqram artıq formalaşıb, praktiki icra mərhələsinə çatıb və ehtimal edirik ki, gələn ilin əvvəlində inşanın başlama mərasimini həyata keçirmək mümkün olacaq", - deyə Mkrtçyan vurğulayıb.
Mənbə
oxu.az