İqtisadiyyat
Aqrar Biznes festivallarının yekununa dair tədbirdə mühüm müzakirələr aparılıb
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə təşkil olunan Aqrar Biznes festivallarının yekununa həsr edilmiş tədbir keçirilib. Oxu.Az xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Qida Təhlükəsizliyi, Dövlət Su Ehtiyatları, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Məşğulluq, Peşə Təhsili Dövlət, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət agentliklərinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, digər müvafiq qurumların rəhbər şəxsləri, millət vəkilləri, sahibkarlar və fermerlər iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyən edilib: "Son illərdə kənd təsərrüfatında istehsalın səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi, fermerlərin maliyyə və texniki resurslara çıxışının asanlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Rəqəmsal həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə, eləcə də dəqiq kənd təsərrüfatının tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da artırır. Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar Biznes festivalları təşkil olunub". Nazir qeyd edib ki, bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib, eyni zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə şərait yaradıb. Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, deputat Tahir Rzayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədli, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, "Caspian Event Organisers" şirkətinin direktoru Bəxtiyar Hidayətzadə, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov sözügedən festivallarının fermerlərin kənd təsərrüfatı istehsalı vasitələrinə və güzəştli aqrar kreditlərə əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Aqrar Biznes festivalları gələcək illərdə də kənd təsərrüfatının innovativ, rəqabətqabiliyyətli və dayanıqlı inkişafına mühüm töhfələr verəcək. Qeyd edək ki, son illər ərzində bölgələrdə ümumilikdə 90 Aqrar Biznes Festivalı keçirilib. Cari ildə ölkənin 13 iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilib, 8 milyon manatdan artıq satış icra olunub. Builki festivallarda ümumilikdə 421 907 nəfər iştirak edib, bunların 38 492 nəfəri fermer, 383 415 nəfəri isə ziyarətçi olub. Gələn il keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro 2026") sərgisində məhsul festivalları keçirilən bölgələrin "Azərbaycan pavilyonu" adı altında stendlə təmsil olunması planlaşdırılır. Aqrar Biznes festivalları çərçivəsində 2025-ci ildə ölkənin 8 iqtisadi rayonunda 14 toxum sərgi-satış yarmarkası, kredit yarmarkaları, "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində isə 5 rayonda, o cümlədən Zəngilan rayonu və Xankəndi şəhərində "Bootcamp" proqramları təşkil olunub. Bu proqramlara 20-yə yaxın ali təhsil müəssisəsindən, süni intellektin tədris olunduğu ixtisaslar üzrə təhsil alan 90-a yaxın tələbə qatılıb. Aqrar Biznes festivallarına həsr olunmuş yekun tədbir "Aqrar sahədə dövlət qurumları arasında əməkdaşlıq imkanları" mövzusunda panel müzakirələrlə davam etdiriləcək.
{{gallery}} Elmidar Əliyev
{{gallery}} Elmidar Əliyev
Mənbə
oxu.az