Dünya
NHK: "Yaponiya 2026-cı ildə müdafiə xərclərinə rekord məbləğ ayıracaq"
Yaponiya 2026-cı ildə müdafiə xərclərinə rekord məbləğ ayırmağı planlaşdırır. Oxu.Az xəbər verir ki, məlumatı NHK telekanalı yayıb. Yaponiya hökuməti 2026-cı maliyyə ilində (1 aprel 2026-cı ildən başlayaraq) silahlı qüvvələrə rekord məbləğdə 9 trilyon yendən (58 milyard dollardan çox) çox vəsait ayırmağı nəzərdə tutur. Bu məbləğ xüsusilə uzaqmənzilli raketlər və dron müdafiə sisteminin inkişafı üçün istifadə olunacaq. Hazırda Müdafiə Nazirliyi məsələni ölkənin Maliyyə Nazirliyi ilə müzakirə edir. Məbləğin böyük hissəsi 1000 km-dən çoxmənzilli "Type-12" raketlərinin və yerli istehsal olan hipersəs bloklarının alınması, eləcə də Birləşmiş Krallıq və İtaliya ilə müştərək altıncı nəsil döyüş təyyarəsinin hazırlanması üçün ayrılacaq. Həmçinin, Yaponiyanın sahil xəttinin pilotsuz uçuş aparatları vasitəsilə müdafiəsi üçün SHIELD sisteminin yaradılmasına vəsait ayrılacağı gözlənilir. Ölkənin hava məkanını qorumaq üçün dronların hazırlanması da planlaşdırılır.
Mənbə
oxu.az