İqtisadiyyat
Dövlət Neft Fondunun səhm gəlirləri son rübdə bir milyard dollardan çox artıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm portfeli üzrə gəlirləri üç ayda bir milyard dollardan çox artıb. Oxu.Az bu barədə APA-ya istinadən xəbər verir. Belə ki, ARDNF indiyə kimi, səhm indeksləri üzrə 7.1 milyard dollar investisiya edib. Fondun yaranma tarixindən bu il oktyabrın 1-nə kimi bu investisiyalardan əldə etdiyi gəlirlər isə 8.8 milyard dollara çatıb. Halbuki bu rəqəm ilin ilk yarısı üzrə 7.7 milyard dollar təşkil etmişdi. Başqa sözlə, bir rübdə fondun səhm üzrə gəlirləri 14.3% və ya 1.1 milyard dollar artıb. Bu isə qısa müddətdə yüksək göstərici hesab olunur. Ümumilikdə, ARDNF-nin səhm portfelinin dəyəri üç ayda 14.8 milyard dollardan 15.9 milyard dollara yüksəlib. Fonddan bildirilib ki, 2025-ci ilin üçüncü rübündə "MSCI World" indeksində müşahidə olunan artım əsasən qlobal səhm bazarlarında, xüsusilə inkişaf etmiş ölkələrdə qeydə alınan genişmiqyaslı qiymət yüksəlişi ilə izah olunur. "Müsbət makroiqtisadi göstəricilər, gözləntiləri üstələyən korporativ maliyyə nəticələri, eləcə də texnologiya və süni intellekt (AI) sektorlarına artan maraq investorların riskli aktivlərə yönəlməsini gücləndirib", - deyə açıqlamada əlavə edilib.
Mənbə
oxu.az