Dünya
Pentaqon radarlar və qırıcı təyyarələrlə Santa-Klausu izləyəcək
Dekabrın 25-də Milad ərəfəsində Santa-Klausun (Şaxta baba) hərəkətlərini izləmək üçün Şimali Amerika Qitəsinin Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) layihəsinin 49 radardan ibarət şəbəkəsindən, eləcə də infraqırmızı peyklərdən istifadə olunacaq. Oxu.Az-ın xəbərinə görə, bu barədə Pentaqonun saytında məlumat verilib. Məlumata görə, "NORAD Santa-Klausu izləyir" layihəsi 1955-ci ildə işə salınıb. Katolik Miladı ərəfəsində dünyanın hər yerindəki uşaqlara hədiyyələr çatdırmaq üçün Şimal qütbünü tərk edən Santa-Klausun uydurma marşrutu haqqında məlumat daxil olub. Onun hərəkətləri ABŞ və Kanada hərbçiləri tərəfindən diqqətlə izlənilir. "NORAD il ərzində Şimali Amerika üzərindəki səmanı qoruyur, ona görə də komandanlığın bu missiya üçün xüsusi təchiz olunması məntiqlidir", - deyə nazirlik açıqlamasında bildirib. Pentaqon iddia edir ki, sistemlər Santa-Klausun xizəyinin "uçmasını" aşkar etdikdən dərhal sonra komandanlıq təhlükəsizliyin təmin edilməsi üçün infraqırmızı peyk sensorlarından istifadə edərək onun hərəkətini izləməyə başlayacaq. Radar sistemlərinə əlavə olaraq, səmanın qorunması üçün dörd növ döyüş təyyarəsindən - ABŞ-nin "F-15", "F-16" və "F-22" qırıcıları və Kanadanın "CF-18" təyyarəsindən istifadə olunacaq. Bəzi pilotlar Nyufaundlend sahillərində Santa-Klausla görüşəcək və onu bütün ABŞ hava məkanı boyunca müşayiət edəcəklər.
Mənbə
oxu.az