İdman

Con Terridən ETİRAF: Çempionlar Liqasının finalında penaltini vura bilmədiyinə görə Moskvada özünü binadan atmaq istəyibmiş

16 Dec 2025, 03:16 1 baxış
Con Terridən ETİRAF: Çempionlar Liqasının finalında penaltini vura bilmədiyinə görə Moskvada özünü binadan atmaq istəyibmiş
"Çelsi" futbol klubunun sabiq kapitanı Con Terri UEFA Çempionlar Liqasının 2007/2008-ci illər mövsümündə Moskvada "Mançester Yunayted"ə qarşı keçirilən final görüşündə penalti seriyasında fərqlənə bilməməsinin onu indiyədək narahat etdiyini bildirib. Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, Terri bu barədə Ris Mininin podkastında danışıb. "İndiyə qədər gecənin bir yarısında oyanıram. Düşünürəm ki, bu hiss heç vaxt keçməyəcək. Əlbəttə, illər keçdikcə hər şey bir qədər yüngülləşib", - deyə o vurğulayıb. Keçmiş müdafiəçi final oyunundan sonra bütün futbolçuların hotelə qayıtdığını, həmin vaxt Moskvada yerləşən binanın 25-ci mərtəbəsində tək qaldığını qeyd edib: "Sadəcə pəncərəyə baxırdım və "niyə, niyə?" deyə düşünürdüm. Demirəm ki, imkan olsaydı, özümü aşağı atardım. Amma müəyyən anlarda insanın ağlından müxtəlif fikirlər keçir. Sonra uşaqlar gəldi və məni aşağı apardılar". Xatırladaq ki, final qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə "qırmızı şeytanlar" 6:5 hesabı ilə qələbə qazanmışdılar.
Mənbə oxu.az

Oxşar Xəbərlər