İqtisadiyyat

Doqquz ayda xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb

15 Dec 2025, 15:58 1 baxış
Doqquz ayda xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb
2025-ci ilin doqquz ayı ərzində Azərbaycanın xalis maliyyə aktivləri 4.5 milyard dollar artıb. Artım əsasən xaricə yönəldilmiş birbaşa investisiyalar (1 milyard dollar), portfel investisiyaları (1.3 milyard dollar) və digər investisiyalar (2.2 milyard dollar) hesabına formalaşıb. Eyni dövrdə ölkənin xalis maliyyə öhdəlikləri isə 415.9 milyon dollar artıb ki, bu da əsasən neft bonusu (450.2 milyon dollar) və digər investisiyalarla bağlı olub. Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə birbaşa investisiyalar üzrə xalis maliyyə aktivləri 922.7 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 305.2 milyon dollar azalıb. Birbaşa xarici investisiyalar üzrə ölkəyə cəlb olunan vəsaitin ümumi həcmi 4.7 milyard dollar, xaricə yönəldilən investisiyalar isə 2 milyard dollar təşkil edib və nəticədə bu istiqamət üzrə 1.2 milyard dollar kəsir yaranıb. Birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun payı 78.5 faiz olub, qeyri-neft-qaz sektoruna yönələn investisiyalar isə 9 faiz artaraq 1.02 milyard dollara çatıb. Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 1.3 milyard dollar artıb, xalis maliyyə öhdəlikləri isə 33.7 milyon dollar azalıb. Aktivlərin artımında əsas pay banklar və digər sektorların payına düşüb. Digər investisiyalar üzrə isə xalis maliyyə aktivləri 2.2 milyard dollar, xalis maliyyə öhdəlikləri isə 0.3 milyard dollar artıb. 2025-ci ilin 9 ayı ərzində tədiyə balansının ehtiyat aktivlərinin reallaşmış hissəsi 1.1 milyard dollar azalsa da, ölkənin strateji valyuta ehtiyatları dövrün sonuna 10.5 milyard dollar artaraq 81.5 milyard dollara yüksəlib. Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar isə mənfi 56.6 milyon dollar təşkil edib. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər