İdman

"UFC Vegas 112": İlin son döyüş gecəsi - Gözlənilən toqquşmalar, debütlər və gecikmiş hesablaşmalar

13 Dec 2025, 20:24 1 baxış
"UFC Vegas 112": İlin son döyüş gecəsi - Gözlənilən toqquşmalar, debütlər və gecikmiş hesablaşmalar
İlin son UFC gecəsi "UFC Vegas 112" dekabrın 13-də keçiriləcək. Bundan sonra təşkilatın 6 həftəlik fasiləyə çıxacağı nəzərə alınanda bu kartın əhəmiyyəti daha da artır. Son döyüş gecəsi həm uzun müddət gözlənilən qarşıdurmalar, həm də böyük debütlərlə yadda qalacaq. Royval - Kape: Üçüncü cəhd və nəhayət tamamlanmalı olan duel Gecənin əsas döyüşü Brendon Royval və Manel Kape arasında gedəcək. Lakin bu qarşılaşmanın tarixçəsi sadəcə idman cədvəlinin bir parçası deyil, özlüyündə bir hekayədir. Onların döyüşü ilk dəfə bu il martın 1-də baş tutmalı idi, lakin Royval zədə səbəbi ilə çəkildi və Kape onun yerinə çıxan Asu Almabayevə qarşı döyüşərək qələbə qazandı. İkinci dəfə bu duel iyunun 28-i üçün təyin olunsa da, bu dəfə Kape döyüşdən geri çəkildi, onun yerinə çıxan Coşua Van isə Brendona qalib gəlib, daha sonra Pantojanın zədə səbəbi ilə imtinasi fonunda dekabrın 6-da çempionluğa yüksəldi. İndi, üçüncü dəfə, UFC bu döyüşü təşkil edir və bu həftə Royval-Kape dueli nəhayət gerçəkləşməli olan qarşılaşmaya çevrilib. Brendon Royval Royval xaotik, tempdən düşməyən, riskli hücumları sevir və ən kiçik boşluğu dəyərləndirməyi bacarır. Onun üslubu sistematik deyil, təzyiq üzərində quruludur. Temp yüksəldikcə Royval güclənir, rəqibi ritmdən salmağa çalışır. Ayaqüstü mübarizədə qəfil kombinasiyalar, parlaq diz və dirsək zərbələri ilə təhlükəlidir. Parterdə isə boğucu fəndləri və keçidlərdə çevikliyi ilə seçilir. Manel Kape Kape isə tam əks üslubun nümayəndəsidir - daha dəqiq, daha praqmatik döyüşən, güclü zərbələrə malik və əks-hücumlarda parlayan idmançı. Onun əsas üstünlüyü ritmi özünün müəyyən etməsidir: o, rəqibin səhvini gözləyir və bir anda döyüşün gedişatını dəyişən zərbələr endirir. Ayaqüstü döyüşdə daha səliqəli və strukturludur. Fiziki gücə, partlayıcı atletizmə sahibdir. Necə döyüş olacaq? Bu qarşılaşma üslubların ziddiyyətidir: xaosun nəzarətə qarşı duruşu. Royval həcmi və sürəti ilə üstünlük qazana bilər, Kape isə dəqiqlik və güclə. Parterdəki fəndlərdə Royval daha yaradıcıdır, lakin Kapenin fiziki üstünlüyü onu təhlükəli edir. Bu dəfə hər iki döyüşçü bilir ki, dalandan qayıtmaq yoxdur - üçüncü şans dördüncüyə çevrilə bilməz. Gecənin ikinci döyüşü: Giga Çikadze vs Kevin Valyexos - nəsillərin qarşıdurması Gecənin bir əvvəlki döyüşü Gürcüstan kikboksinq məktəbinin parlaq nümayəndəsi Giga Çikadze ilə sürətlə yüksələn gənc ulduz Kevin Valyexos arasında keçiriləcək. Valyexos avqustun 2-də keçirdiyi son döyüşündə Denni Silva üzərində inamlı qələbə qazanıb və indi karyerasının ən böyük sınağına çıxır. Giga təcrübə, təmkin və elit səviyyəli ayaqüstü döyüş deməkdir. Onun bədənə vurduğu "Giga kick" hələ də divizionun ən təhlükəli silahlarından biridir. Valyexos isə dinamika, aqressiya və hər raund irəli getməyə hazır olan mentalitetlə gəlir. Bu döyüş gələcək sıralamanın istiqamətini müəyyən edə bilər. Melkizael Kosta vs Morqan Şarye - 66 kq-da həlledici qarşıdurma 66kq çəki kateqoriyasında keçiriləcək Kosta-Şarye döyüşü də kartın ən maraqlı qarşıdurmalarından biridir. Melkizael Kosta uzun məsafədən zərbələri, ritm idarəsi və texniki oyunu ilə seçilir. Morqan Şarye isə daha kəskin keçidləri, rəqibin zəif cəhətini tez oxumaq bacarığı və döyüş boyunca taktikanı dəyişə bilməsi ilə tanınır. Bu qarşılaşma təkcə mövqelər uğrunda deyil, həm də gələcəkdə böyük adlarla döyüşmək imkanı üçün açar rolunu oynayır. "Bellator" döyüşçülərinin UFC debütü: Amosov və Gibson Cunior. Bu kartın ən gözlənilməz məqamlarından biri iki yüksəksəviyyəli "Bellator" döyüşçüsünün UFC-də debüt etməsidir. Yaroslav Amosov MMA dünyasında 28-1 rekordu olan və "Bellator" təşkilatının keçmiş çempionu Amosov UFC karyerasına dərhal ciddi rəqiblə - Nil Maqni ilə başlayır. Bu qarşılaşmanın erkən döyüşlər sırasında yerləşdirilməsi təəccüblüdür, çünki Amosov kimi keçmiş çempion və Maqni kimi təcrübəli döyüşçü adətən əsas kart səviyyəsində olur. Lakin məhz bu fakt döyüş gecəsinin nə qədər güclü olduğunu göstərir. Lens Gibson Cunior. Peşəkar döyüş statistikası: 9-1 "Bellator" statistikası: 5-1 İstedadlı, partlayıcı və çoxyönlü döyüşçü. UFC-də onu qarşılayan isə veteran Bobbi Qrin olacaq. Bu, hər debütant üçün keçilməli olan "sınaq qapısıdır". Qrin hər üsluba uyğunlaşa bilən, tempdən qorxmayan və rəqibi oxumağı bacaran döyüşçüdür. Gibson üçün bu, ya ani yüksəliş, ya da kəskin reallıq testi olacaq. "UFC Vegas 112" sadəcə ilin son turniri deyil, həm də 2025-ci ildə divizionların necə dəyişdiyini göstərən güzgüdür. Çempionluq potensialı olan debütantlar, nəhayət baş tutmalı olan qarşılaşmalar, nəsillərin toqquşması və yeni imzaların ilk addımları - bütün bunlar bu kartı xüsusi edir. Bu döyüş gecəsi fasiləyə qədər UFC-nin son nəfəsidir və görünür, təşkilat bu nəfəsi maksimum dərəcədə güclü verməyə çalışıb.
{{gallery}} Bünyad Qaraxanlı
Mənbə oxu.az

Oxşar Xəbərlər