İqtisadiyyat
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında azalma qeydə alınıb
Cari ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində ümumilikdə 1 milyard 174.2 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 8.6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 9.7 faiz azalma müşahidə edilib. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə metallurgiya sənayesi üzrə armatur istehsalı 15.4 faiz, poladtökmə istehsalı 16.3 faiz, mis məftil istehsalı isə 92.7 faiz azalıb. Hazır metal məmulatlarının istehsalı sahəsində metaldan sair məmulatların istehsalında da 28.1 faiz geriləmə qeydə alınıb. 2025-ci ilin yanvar-noyabr aylarında poladtökmə istehsalı 270.6 min ton olub ki, bu da illik müqayisədə 16.3 faiz azdır. Armatur istehsalı 335.3 min ton təşkil edərək 15.4 faiz azalıb. Polad boruların istehsalı 199 min ton olub ki, bu əvvəlki ilə nisbətən 2.1 dəfə çoxdur. Eyni zamanda, emal edilməmiş qurğuşun, alüminium, sink, nikel və digər metalların istehsalı 34.3 min ton təşkil edib ki, bu da 73.2 faiz artım deməkdir. Alüminium məmulatlarının istehsalı 44 min 478.1 ton olub və 22.8 faiz azalıb. Mis məftil istehsalı isə kəskin azalaraq 35.6 (92.7 faiz) ton təşkil edib. Hazır metal məmulatları sahəsində metaldan konstruksiyaların istehsalı 22 min 523.8 ton olub və 6.3 faiz artım qeydə alınıb. İzolyasiyası olmayan çoxnaqilli məftil, troslar və oxşar məmulatların istehsalı 8 min 542.3 ton təşkil edərək 4.5 faiz azalıb. Metaldan sair məmulatların istehsalı isə 14 min 964.4 ton olub və illik müqayisədə 28.1 faiz geriləyib. Elmidar Əliyev
Mənbə
oxu.az