İqtisadiyyat
"Azərenerji" bir mənbə metodu ilə 57 milyon manatlıq iki satınalma həyata keçirib
"Azərenerji" ASC 330 kV-luq 2 enerji ötürücü xəttin tikintisi ilə bağlı yeni satınalmalar həyata keçirib. Oxu.Az xəbər verir ki, bir mənbə metodu həyata keçirilən satınalmalarla bağlı iki müqavilə bağlanılıb. Müqavilələrin ümumi məbləği 57 milyon 280 min manat təşkil edir. Qurum tərəfindən "ElektrikQuraşdırma" müəssisəsi ilə 330 kV-luq "Ordubad-Naxçıvan" enerji ötürücü xəttinin (EVX) tikintisi üzrə müqavilə imzalanıb. Layihə 105 km uzunluğunda xəttin inşasını əhatə edir. Müqavilənin dəyəri 33.6 milyon manat təşkil edir. Layihənin 2026-cı il dekabrın 10-da tamamlanması nəzərdə tutulur. Eyni zamanda, "Azərenerji" 330 kV-luq "Cəbrayıl-Ağbənd" enerji ötürücü xəttinin (EVX) tikintisi üçün "Azərelektrik Tikinti Quraşdırma" MMC ilə müqavilə bağlayıb. 74 km-lik xəttin inşası üzrə satınalmanın məbləği 23.68 milyon manatdır. Rəsmi məlumatlarda bu layihənin artıq başa çatdığı göstərilir. Elmidar Əliyev
Mənbə
oxu.az