İqtisadiyyat
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 38 faizə endirib
Türkiyə Mərkəzi Bankı bu gün keçirilən növbəti iclasında uçot dərəcəsini illik 39.5 faizdən 38 faizə endirib. Oxu.Az xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat verilib. Məlumata görə, sutkalıq borcvermə faizi 42.5 faizdən 41 faizə, sutkalıq borclanma faizi 38 faizdən 36.5 faizə endirilib. Xəbərdə bildirilir ki, Türkiyədə sentyabr ayındakı yüksəlişdən sonra əsas inflyasiya oktyabr və noyabr aylarında bir qədər yumşalıb. Qeyd edilir ki, bununla belə, inflyasiya gözləntiləri və qiymət siyasəti hələ də inflyasiya prosesi üçün risklər yaradır, baxmayaraq ki, yaxşılaşma əlamətləri mövcuddur. Məlumata görə, bundan sonra Türkiyənin Mərkəzi Bankı əsas inflyasiyanın azaldılması və ortamüddətli dövrdə 5 faizlik inflyasiya hədəfinə nail olmaq üçün lazım olan pul və maliyyə şərtlərinin yaradılmasına dair qərarlar qəbul edəcək. Növbəti uçot dərəcələri ilə bağlı qərarın gələn il yanvarın 22-də açıqlanacağı bildirilir.
Mənbə
oxu.az