İqtisadiyyat

Xamis Seyranov: "Ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı xeyli dəyişib"

10 Dec 2025, 12:30 1 baxış
Xamis Seyranov: "Ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı xeyli dəyişib"
"Son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı xeyli dəyişib". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov Bakıda Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə bu gün keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində panel müzakirəsi zamanı çıxış edərkən deyib. Onun sözlərinə görə, sənayedə təhlükəsizliyə təhdid yarada biləcək hər hansı bir riskin vaxtında aşkar olunması və qarşısının alınması ilk növbədə nəzarətdə saxlanılan ölçmə vasitələrinin düzgün işləməsindən asılıdır: "Metrologiya sənaye sahələrində istifadə olunan müxtəlif təyinatlı və müxtəlif miqyaslı ölçmə vasitələrinin düzgün və etibarlı şəkildə fəaliyyət göstərməsini təmin edən sahədir. Sevindirici haldır ki, son dövrlərdə ölkəmizdə sənaye müəssisələrinin metroloji baxışı xeyli dəyişib və inkişaf edib. Azərbaycan Metrologiya İnstitutu isə dövlət etalonlarının saxlayıcısı və bu sahədə kalibrləmə, yoxlama fəaliyyətini həyata keçirən səlahiyyətli qurum kimi müəssisələrə göstərdiyi xidmətləri genişləndirib. Bu xidmətlərin əlçatan olması bizi xüsusilə sevindirir". O vurğulayıb ki, metroloji xidmətlərin mövcudluğu sənaye müəssisələri üçün son dərəcə vacibdir: "Bu vacibliyin səbəbi yalnız keyfiyyətin təmin edilməsi və ya təhlükəsizliklə bağlı deyil. Metrologiya həm də müəssisələr üçün əlverişlilik və idarəetmə baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, müəssisə ölçmə vasitələrinin düzgün və dəqiq işləməsi nəticəsində əldə edilən məlumatlara əsaslanaraq vaxtında düzgün biznes qərarları qəbul edə bilir. Müəssisə dəqiq bilir ki, nə qədər məhsul istehsal olunub, nə qədər məhsul təqdim edilib, istehsal etdiyi məhsul hansı keyfiyyətdədir və atdığı addımlar beynəlxalq standartlara, qanunvericiliyin tələblərinə uyğundur". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər