Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması İrəvan üçün Avropa Birliyinə (AB) inteqrasiya imkanını açıb.
Axar.az report-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla Berlində təşkil olunan mətbuat konfransında bildirib.
Mertsin sözlərinə görə, İrəvan və Bakı arasındakı sülh prosesi nümunəsi göstərir ki, "birgə səylər, diplomatiya və qarşılıqlı hörmət davamlı sülh proseslərinə gətirib çıxara bilər".
O vurğulayıb ki, məhz Azərbaycanla sülh Ermənistan üçün Avropa istiqamətində perspektiv açan əsas amil olub.
Kansler qeyd edib ki, Ermənistanın AB-yə üzvlük yolu Kopenhagen meyarlarının yerinə yetirilməsini tələb edir.
Paşinyan isə qeyd edib ki, Ermənistan ilə AB arasında tərəfdaşlığın dərinləşdirilməsində Almaniyanın dəstəyinə böyük əhəmiyyət verir və AB-yə üzvlük üçün "çətin və uzun yolda" gələcək siyasi dəstəyə ümidvar olduğunu ifadə edib.