Dünya

"Flydubai" təyyarəsindəki dəhşətli anların şahidi: "Pilot deyirdi ki, məni öldürün"

02 Oct 2026, 14:56 2 baxış
"Flydubai" təyyarəsindəki dəhşətli anların şahidi: "Pilot deyirdi ki, məni öldürün"
Fövqəladə vəziyyət səbəbindən Səudiyyə Ərəbistanında təcili eniş edən BƏƏ-nin "Flydubai" təyyarəsinin sərnişinləri insidentin təqsirkarı olan hücumçunun laynerdəki insanlardan "onu öldürməyi" istədiyini bildiriblər. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu hadisə şahidləri İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdə deyiblər. Baş nazirin dəftərxanası bildirib ki, Netanyahu Qüdsdəki ofisində bu reysdə olan və fəlakətin qarşısının alınmasında iştirak edən bir neçə nəfəri qəbul edib. Sentyabrın 30-da səhər Dubaydan Təl-Əvivə gedən təyyarə Səudiyyə Ərəbistanı-İordaniya sərhədi yaxınlığında qəfildən hündürlüyü itirib, fövqəladə vəziyyət və qaçırılma siqnalları ötürüb. Son versiyaya görə, bu, ikinci pilotun kapitana hücum edərək ona bıçaqla xəsarət yetirməsindən sonra baş verib. Sərnişinlər hücumçunu zərərsizləşdirərək təyyarəni Səudiyyə Ərəbistanının şimalındakı ən yaxın hava limanına endiriblər və layneri yerə çırpılmaqdan xilas ediblər. Elə həmin gün sərnişinlərin hamısı İsrailə sağ-salamat çatıblar, iki pilot xəstəxanaya yerləşdirilib. "Kapitanı bıçaq zərbəsi vuran pilotu qulaqcıqların şnuru ilə bağladıq. O, daim təkrarlayırdı ki, "məni öldürün". Bununla aldığı tapşırığı yerinə yetirə bilmədiyini və ölməyi üstün saydığını nəzərdə tuturdu", - deyə Netanyahunun dəftərxanası hadisədə iştirak edənlərdən sitat gətirib. Bəyanata əsasən, baş nazirlə görüşdə Yaniv Hayun, Or Pardilov, doktor Şota Musayev və onun həyat yoldaşı Seqalit iştirak ediblər. Netanyahu onların qəhrəmanlığını vurğulayıb və həmin şəxslərin gələn il İsrailin Müstəqillik Günü münasibətilə ənənəvi məşəl yandırma mərasimində iştirak edəcəklərini açıqlayıb. Xatırladaq ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "FlyDubai" reysi fövqəladə vəziyyət siqnalı verib, daha sonra təyyarənin qaçırılması barədə məlumat vermək üçün istifadə edilən kod ötürüb. İlkin məlumatlara görə, ikinci pilot təyyarənin komandirini bıçaqlayıb və təyyarəni yerə çırpmağa cəhd edib. Xəsarət alan Hindistan vətəndaşı olub. Reysin sərnişinləri hücumçunu zərərsizləşdirməyə müvəffəq olublar. Təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təcili eniş edib və həmin axşam xilasetmə təyyarəsi sərnişinləri Təl-Əvivə aparıb.
"Flydubai" təyyarəsindəki dəhşətli anların şahidi: "Pilot deyirdi ki, məni öldürün"
Mənbə oxu.az

Oxşar Xəbərlər