Siyasət
Tütün məmulatları üzrə vergilər artırılır?
"2026-cı il yanvarın 1-dən tütündən hazırlanan siqaretlər üzrə aksiz dərəcələrinin tənzimlənməsi təsbit edilib. Lakin aidiyyəti qurumlar tərəfindən aparılan müzakirələr nəticəsində tütündən hazırlanan siqaretə alternativ olan digər tütün məmulatları üzrə də aksiz vergilərinin artırılmasına dair təkliflər hazırlanıb. Bu zaman həm də həmin məhsulların insan sağlamlığına mənfi təsirinin azaldılması mülahizəsi, başqa sözlə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsas götürülüb". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. O bildirib ki, yerli istehsala əsaslanan və idxal olunan ənənəvi siqaretlər üzrə aksiz dərəcələrinin artırılması tamamilə idxaldan asılı olan və kifayət qədər də aşağı aksiz dərəcəsinə malik bir sıra alternativ tütün məmulatlarının istifadəsinin çoxalmasına və minimal qiymətlər səbəbindən bazar payının kəskin artmasına gətirib çıxara bilərdi: "Bu baxımdan, tütün məmulatları bazarının həmin seqmenti üzrə aksiz dərəcələrinə yenidən baxılması zərurəti yaranıb. Elə isə, aksiz dərəcələrinin dəyişdirilməsi təklif edilən tütün məmulatları hansılardır? Birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulan tərkibində tütün və ya bərpa edilən tütün olan məhsullardır. Bu məhsullar üzrə aksizin 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25.5 manata qaldırılması təklif edilir. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif edilir". Mərahim Nəsib
123
Mənbə
oxu.az