İqtisadiyyat

Azərbaycanın suveren kredit reytinqləri beynəlxalq agentliklər tərəfindən artırılıb

08 Dec 2025, 12:38 1 baxış
Azərbaycanın suveren kredit reytinqləri beynəlxalq agentliklər tərəfindən artırılıb
Azərbaycan Respublikası beynəlxalq kapital bazarlarına çıxışı asanlaşdırmaq, borclanma prosedurlarını tənzimləmək və beynəlxalq maliyyə dairələrinin ölkəmizə etimadını gücləndirmək məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir. Oxu.Az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi - "Fitch", "S&P Global Ratings" və "Moody`s" - vasitəsilə ölkənin suveren kredit reytinqi qiymətləndirilib. Həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan ("unsolicited rating") agentliklər tərəfindən qiymətləndirmələr aparılıb. Son beş ildə isə Azərbaycan suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik ("Fitch" və "S&P Global Ratings") ilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə ("Moody"s") isə ödənişsiz şəkildə həyata keçirib. Ölkənin iqtisadiyyatındakı fundamental və davamlı müsbət meyillər fonunda reytinqlər yüksəlib. 2024-cü ildə "Fitch Ratings", 2025-ci ildə isə "Moody`s Ratings" agentliyi Azərbaycanın suveren kredit reytinqini artıraraq investisiya dərəcəsinə çatdırıb. Belə ki, agentliklər "BBB-" və "Baa3" səviyyəsini təyin ediblər və növbəti dövr üçün proqnoz müvafiq olaraq "stabil" və "müsbət" qiymətləndirilib. Agentliklər Azərbaycanın güclü fiskal və xarici mövqeyini, xarici valyuta aktivlərinin əhəmiyyətli artımını, aşağı dövlət borcunu və müsbət büdcə göstəricilərini qeyd edərək, bunların iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıblar. Maliyyə Nazirliyindən bildirilir ki, növbəti illərdə də Azərbaycan aparıcı beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlığı davam etdirəcək və ölkədə müşahidə olunan davamlı inkişafın kredit reytinqlərində əks olunması üçün zəruri tədbirlər görəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər