Dünya
Mozambikin sərxoş komandiri Marqaret Tetçerin təyyarəsinə raket atıb: Məxfi sənədlər gizli məqamları üzə çıxardı
Mozambik hökumət ordusunun hava hücumundan müdafiə komandiri sərxoş vəziyyətdə 1989-cu ildə Britaniya baş naziri Marqaret Tetçerin içində olduğu təyyarəni atəşə tutub. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məxfi sənədlərə istinadən məlumat verib. Məlumata görə, insident 1989-cu il martın 30-da təyyarə Zimbabvedən Malaviyə uçarkən baş verib. Vətəndaş müharibəsinin bürüdüyü Mozambik ərazisi üzərində təyyarəyə doğru bir neçə zenit raketi buraxılıb, lakin onlardan heç biri hədəfə dəyməyib. Mozambik hakimiyyəti yalnız noyabr ayında Böyük Britaniyanın güclü təzyiqindən sonra təyyarənin hava hücumundan müdafiənin sərxoş komandiri tərəfindən atəşə tutulduğunu etiraf etmək məcburiyyətində qalıb. Öz növbəsində Britaniya Xarici İşlər Nazirliyi münasibətlərin pozulmasından ehtiyat edərək, onilliklər ərzində insidentlə bağlı heç bir məlumat verməyib. Marqaret Tetçer 1979-cu ildən 1990-cı ilə qədər Britaniya baş naziri vəzifəsində çalışıb və Böyük Britaniyanın Mühafizəkarlar Partiyasını təmsil edib.
Mənbə
oxu.az