İdman
Bakıda heç-heçə, Vadutsda hədəf qələbə: Ayxan Abbasov Lixtenşteynlə oyundan danışdı
"Azərbaycan millisinin futbolçuları hazırda yaxşı formadadırlar". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib. Baş məşqçi komandasını çətin oyunun gözlədiyini bildirib: "Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra millisi ilə yoldaşlıq oyunu gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik. Bakıda bu komanda ilə heç-heçə etmişdik. Onlar evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Əhvali-ruhiyyəmiz yüksəkdir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq". Abbasov oyun ərəfəsində kənar söz-söhbətlərə fikir vermədiklərini və bütün diqqətlərini Lixtenşteynlə görüşə yönəltdiklərini vurğulayıb: "Toplanışlar zamanı futbolçularla söhbət edirik. İndi bir çox futbolçu sosial şəbəkələrdən istifadə edir. Mənfi təsirlərdən uzaq durmağa çalışırıq. Futbolçularla son görüşümüzdə də Lixtenşteyn millisinin oyununu təhlil etdik. Bütün diqqətimizi oyuna yönəltmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı tənqidlər ola bilər. Bu, normaldır. Hər xırda detala fikir vermək isə bizə ziyan vura bilər. Tənqidlərə qələbə ilə cavab verə bilərik". Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Mənbə
oxu.az
Oxşar Xəbərlər