Dünya
Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək
"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlərə açıqlamasında bildirib. O, görüş zamanı humanitar məsələlərin müzakirəyə çıxarıldığını xüsusi vurğulayıb. Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında baş tutan danışıqların yekunlarından danışan Medinski deyib: "Biz yeni genişmiqyaslı əsir mübadiləsi ilə bağlı prinsipial razılıq əldə etdik, konkret şərtlər yaxın vaxtlarda elan olunacaq. Hesab edirik ki, Ukraynadakı münaqişənin mütləq şəkildə bitməsindən sonra nələrin baş verəcəyi barədə məsələnin gündəmə gətirilməsi haqlı addımdır. Avropanın təhlükəsizlik arxitekturası və qitədə yeni, hərtərəfli, eyni zamanda ədalətli təhlükəsizlik sisteminin yaradılması zərurəti Rusiya tərəfindən dəfələrlə qaldırılıb". Rusiya nümayəndə heyəti rəhbərinin bildirdiyinə görə, Əbu-Dabidəki görüşlərdə Avropanın təhlükəsizlik sistemi ilə bağlı problemlər əsas müzakirə mövzusu olub və tərəflər bəzi məqamlarda ortaq məxrəcə gələ biliblər: "Biz ABŞ tərəfinin də iştirakı ilə mövqelərimizi bölüşdük: bəzi yerlərdə qarşılıqlı anlaşma tapdıq, bəzilərində isə yox. Şübhəsiz ki, bu istiqamətdə dialoq davam etdiriləcək".
Mənbə
oxu.az