Dünya
Almaniya ordusundakı qadınların 60 faizindən çoxu cinsi qısnamaya məruz qalıb
Almaniya Silahlı Qüvvələrində (Bundesver) xidmət keçən qadınların 60 faizindən çoxu xidmət müddətində cinsi qısnamaya məruz qaldıqlarını bildirib. Oxu.Az xəbər verir ki, "Der Spiegel" nəşrinin yaydığı məlumata görə, bu rəqəmlər Potsdamdakı Hərbi Tarix və Sosial Elmlər Mərkəzinin apardığı tədqiqat nəticəsində bəlli olub. Keçirilən anonim sorğuda 4 mindən artıq qadın hərbçi iştirak edib. Araşdırmanın nəticələrinə əsasən, rəyi soruşulanların təxminən 40 faizi cinsi xarakterli nalayiq ifadələr və şərhlərlə qarşılaşıb. Daha 15 faiz isə onların razılığı olmadan çəkilmiş və ya süni intellekt vasitəsilə dəyişdirilmiş şəkillərdən istifadə edilməklə qısnama halları barədə məlumat verib. Qadınların təqribən 8 faizi fiziki qısnamaya, 2 faizi isə cinsi zorakılığa məruz qaldığını qeyd edib. Sorğu iştirakçılarının üçdə birindən çoxunun bu cür hadisələr barədə məlumat verməməsi və ya gələcəkdə də bildirməyəcəyini vurğulaması xüsusi narahatlıq doğurur. Bunun səbəbləri kimi rəhbərliyə inamsızlıq və komandanlığın tammiqyaslı istintaq aparacağına dair şübhələr göstərilib. Tədqiqat nəticələrinin açıqlanması Almaniya hərbi rəhbərliyinin Bundesverin şəxsi heyətini genişləndirmək və orduya daha çox gənc hərbçi cəlb etmək planları ilə eyni vaxta təsadüf edib. Bundan əvvəl Bundesverin baş inspektoru Karsten Broyer orduda cinsi pozuntularla bağlı vəziyyəti qəbuledilməz adlandırmışdı. "Der Spiegel"in məlumatına görə, son aylar ərzində belə hallarla bağlı daxil olan şikayətlərin sayında artım müşahidə olunur.
Mənbə
oxu.az