Dünya
Məşhur fransalı yazıçıya müsəlmanlarla bağlı açıqlamalarına görə ittiham irəli sürüldü
Fransanın Nanter şəhərinin məhkəməsi tanınmış yazıçı Mişel Uelbekə qarşı ayrı-seçkiliyə, nifrətə və ya zorakılığa təhrikdə iştirakçılıq ittihamı irəli sürüb. Oxu.Az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, istintaqın başlanmasına yazıçının 2022-ci ilin noyabrında "Front populaire" jurnalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər səbəb olub. Uelbek həmin müsahibədə Fransanın müsəlmanların nəzarətinə keçəcəyi təqdirdə məscidlərdə və ya ictimai müəssisələrdə terror hücumlarının baş verə biləcəyini deyib. O, Parisdəki "Bataklan" konsert zalında törədilmiş terror aktına istinad edərək bu ssenarini "tərsinə Bataklan" adlandırıb. Yazıçı həmçinin Avropa ölkələrinin yerli əhalisinin başqa mədəniyyətlərin nümayəndələri ilə əvəz olunduğunu iddia edib. Onun sözlərinə görə, fransızlar müsəlmanların assimilyasiyasını deyil, onların zorakılıqdan imtina etmələrini və qanunlara hörmət göstərmələrini, əks halda isə ölkəni tərk etmələrini istəyirlər. Müsahibədən sonra Uelbek "Həyatımdan bir neçə gün" (2022-2023-cü illər) kitabını nəşr etdirib və səsləndirdiyi bəzi fikirlərin yanlış və yersiz olduğunu etiraf edib. Paris Böyük Məscidinin imamı Şəmsəddin Hafizin tənqidi də onu bu etirafa sövq edib. Hafiz 2023-cü ilin yanvarında yazıçı ilə söhbətdən sonra onu məhkəməyə verməkdən imtina edib. Hazırkı istintaq isə Fransa Məscidlər İttifaqının və "İrqçiliyə qarşı və xalqlar arasında dostluq uğrunda hərəkat"ın şikayəti əsasında başlanıb. Uelbek bir qrup şəxsə qarşı onların mənşəyinə və ya müəyyən etnik qrupa, millətə, irqə və ya dinə mənsubiyyətinə görə ayrı-seçkiliyə, nifrətə və ya zorakılığa təhrikdə iştirakçılıqda ittiham olunur. İş istintaqın yekununda İslah Məhkəməsinə göndərilərsə və yazıçı təqsirli bilinərsə, onu bir ilədək azadlıqdan məhrumetmə və 45 000 avroyadək (təxminən 87 800 manat) cərimə gözləyə bilər. Qeyd edək ki, Uelbek XXI əsrin ən çox oxunan fransız yazıçılarından biridir. O, əsərlərinin xarici dillərə tərcümələrinin sayına görə də fransız müəllifləri arasında öndə gedir. Uelbek 2010-cu ildə "Xəritə və ərazi" ("La carte et le territoire") romanına görə Fransanın ən nüfuzlu ədəbi mükafatlarından olan Qonkur mükafatına layiq görülüb. 2019-cu ildə isə Fransa Prezidenti Emmanuel Makron onu ölkənin ən yüksək təltifi olan "Şərəf Legionu" ordeni ilə təltif edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər