Dünya

Demokratların Trampın qarşısına çəkə biləcəyi 5 sədd

05 Nov 2026, 13:26 2 baxış
Demokratların Trampın qarşısına çəkə biləcəyi 5 sədd
Demokratların ABŞ Konqresinə aralıq seçkilərdə qələbəsi Prezident Donald Trampın xarici siyasətinin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər. Hər iki palata üzərində nəzarəti ələ keçirməklə, onlar Trampın beş beynəlxalq məsələ üzrə qərarlarını məhdudlaşdıra bilərlər. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi yazıb. Agentlik qeyd edir ki, yanvar ayından etibarən Demokrat Partiyası qanunvericilik fəaliyyətinin gündəliyini müəyyən edə və administrasiyaya təzyiq göstərmək üçün büdcə səlahiyyətlərindən istifadə edə bilər. Vaşinqtonun xarici siyasətində beş mümkün dəyişiklik müəyyən edilib: - İranla müharibəyə son qoyulması. Tramp əməliyyatı davam etdirmək üçün Konqresin icazəsini almasa, demokratlar hərbi əməliyyatlara son qoyulmasına nail olmağa çalışa bilərlər. Administrasiyaya təzyiq göstərmək üçün də onlar müdafiə xərclərini azalda, dövlət vəzifələrinə namizədlərin təsdiqlənməsi təxirə sala və İranla bağlı planlar barədə ictimaiyyətə hesabat verilməsini tələb edə bilərlər. Daha əvvəl hər iki palata Konqresin icazəsi olmadan hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnaməni təsdiqləmişdi, lakin administrasiya bunu qəbul etməyib. - Ukraynaya yardımın bərpası. Təşəbbüsü bir çox respublikaçılar da dəstəkləyə bilər ki, bu da prezident vetosunu aşmaq üçün lazım olan üçdə iki səs çoxluğunu qazanmağa imkan verə bilər. Bundan əlavə, konqresmen Qreqori Miks Trampın Rusiya dizel yanacağının dünya bazarına qayıtması planına qarşı ikipartiyalı qanun layihəsi təqdim edib. - İsrailə yardımın məhdudlaşdırılması. Demokratlar Qəzzadakı müharibə səbəbindən partiya daxilində onun populyarlığının azalması fonunda ölkəyə hərbi dəstəyi azalda və ya dayandıra bilərlər. Materialda bildirilir ki, ABŞ-nin İsrailə yardımının baza həcmi ildə 3,8 milyard dollar təşkil edir. - Hərbi xərclərin azaldılması və xarici yardımın bərpası. Demokratlar Partiyası Trampın müdafiə büdcəsini 67% artıraraq 1,5 trilyon dollara çatdırmaq təklifinə qarşı çıxa bilər. Daha əvvəl onlar bu təşəbbüsü Senatda bloklamışdılar. Qanunvericilər həmçinin administrasiyanın Konqresin təsdiqinə baxmayaraq dayandırdığı və ya ləğv etdiyi milyardlarla dollarlıq xarici yardımın bərpasına da nail olmaq niyyətindədirlər. - Latın Amerikası siyasəti üzərində nəzarətin gücləndirilməsi. Demokratlar Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılması əməliyyatı və ABŞ hərbçilərinin onun sahillərindəki qayıqlara zərbələri də daxil olmaqla, administrasiyanın regiondakı hərəkətləri ilə bağlı araşdırmalar və dinləmələr başlada bilərlər. Bundan əlavə, onlar Kubaya qarşı sanksiyalara və ABŞ-nin Honduras, Argentina, Kolumbiya və Braziliyadakı seçkilərə müdaxiləsinə də qarşı çıxırlar. Daha əvvəl Ağ Ev bildirmişdi ki, demokratlar Konqres üzərində nəzarəti ələ keçirdikdən sonra Trampın əsas qərarlarını dəyişdirməyə cəhd edə bilrlər. ABŞ prezident administrasiyası həmçinin ehtimal edib ki, demokratlar Ali Məhkəmənin tərkibini genişləndirməyə və prezidentə qarşı impiçment başlatmağa cəhd edə bilərlər. Eyni zamanda Ağ Ev bildirib ki, bütün bu cür cəhdlər uğursuzluğa düçar olacaq. "Prezident Tramp heç vaxt mübarizəni dayandırmayacaq", - deyə Ağ Evin saytında dərc olunmuş bəyanatda qeyd edilib. Noyabrın 3-də ABŞ-də keçirilən aralıq seçkilərin ilkin nəticələrinə görə, demokratlar Konqresin hər iki palatasına nəzarət əldə ediblər. Bu həftə daha əvvəl Tramp onlarla əməkdaşlıq etməyə hazır olduğunu ifadə etmişdi. Buna qədər o deyirdi ki, demokratlar qalib gələcəyi təqdirdə "Mister Veto"ya çevriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər