İqtisadiyyat
Vətəndaşlara ƏDV-dən milyonlarla manat qaytarılıb
"2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3.5 dəfə, aktiv obyektlərin sayı 1.7 dəfə artıb. Bu proses cari ildə davam edib, hazırda vergilərin 93%-i könüllü ödənilir". Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsində deyib. O bildirib ki, "ƏDV geri al" layihəsi üzrə istehlakçılara qaytarılan vəsait 12% artaraq, 157 milyon manata çatıb ki, bu da dövriyyələrin rəsmiləşdirilməsi üçün mühüm stimuldur: "Bundan əlavə, dövlət əmlakının özəlləşdirilməsi sahəsində də tədbirlər davam etdirilib. Belə ki, cari ilin 9 ayında özəlləşdirmədən dövlət büdcəsinə 122 milyon manatdan çox vəsait daxil olub ki, bu da illik proqnozun 97.6%-nə bərabərdir".
Mənbə
oxu.az