Cəmiyyət
Təbiətdən istifadəçilər üçün yeni tələb: Ətraf mühitin monitorinqini aparacaqlar
Milli Məclis "Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Oxu.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemidir. Təbiətdən istifadəçilər ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar. Qanunvericiliyə uyğun olaraq, ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir. Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək. Sözügedən məsələ müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul olunub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər