Siyasət

Türk dünyasının qapıları Rusiyaya açıla bilərmi?

02 Nov 2026, 17:12 3 baxış
Türk dünyasının qapıları Rusiyaya açıla bilərmi?
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyanın Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulması və ya TDT+ formatında iştirak etməsi ilə bağlı təklifi kifayət qədər maraqlı geosiyasi müzakirə mövzusudur". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, bu təşəbbüsə emosional deyil, Türk dünyasının strateji maraqları, təşkilatın gələcək inkişafı və regionda formalaşan yeni siyasi reallıqlar kontekstində yanaşmaq lazımdır:
"Əvvəla, bir mühüm məqamı nəzərə almalıyıq. Türk Dövlətləri Təşkilatı sadəcə coğrafi və iqtisadi əməkdaşlıq platforması deyil. Bu təşkilatın təməlində ortaq tarixi yaddaş, dil, mədəniyyət və mənəvi bağlılıq dayanır. Onun siyasi fəlsəfəsi də məhz bu dəyərlər üzərində formalaşıb. Ona görə, təşkilatın genişlənməsi məsələsində əsas sual yalnız kimin qoşulması deyil, bu iştirakın Türk dünyasının birliyinə və müstəqil qərarvermə imkanlarına necə təsir göstərəcəyidir. Şübhəsiz, Rusiya ərazisində milyonlarla türk mənşəli insan yaşayır. Tatarlar, başqırdlar, çuvaşlar, saxalar və digər türk xalqları böyük Türk dünyasının tarixi və mədəni zənginliyinin ayrılmaz hissəsidir. Lakin burada mühüm fərq var: bir dövlətin ərazisində türk xalqlarının yaşaması həmin dövlətin siyasi və institusional baxımdan türk dövləti olması anlamına gəlmir. Bu iki anlayışı eyniləşdirmək düzgün olmaz. Digər tərəfdən, müasir beynəlxalq münasibətlər yalnız etnik və mədəni mənsubiyyət prinsipləri əsasında qurulmur. Məsələn, Macarıstanın TDT-də müşahidəçi statusu göstərir ki, təşkilat üçün müxtəlif əməkdaşlıq modelləri mövcuddur. Bu baxımdan Rusiyanın mümkün iştirakı məsələsi də ayrıca hüquqi, siyasi və strateji müstəvidə qiymətləndirilə bilər". Deputat əlavə edib ki, Azərbaycan üçün burada əsas meyar milli maraqlardır:
"Rusiya bizim böyük qonşumuzdur və iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat və humanitar əlaqələr mövcuddur. Eyni zamanda, Azərbaycan Türk Dövlətləri Təşkilatının təsisçi dövlətlərindən biridir və təşkilatın güclənməsində xüsusi maraqlıdır. Məhz buna görə Bakı üçün prinsipial məsələ TDT-nin müstəqil siyasi iradəsinin, üzv dövlətlərin suveren bərabərliyinin və təşkilatın ilkin məqsədlərinin qorunmasıdır. Burada başqa, bir strateji sual da ortaya çıxır: Rusiyanın mümkün müşahidəçiliyi Türk dünyasının beynəlxalq təsir imkanlarını genişləndirəcək, yoxsa təşkilat daxilində mövcud geosiyasi balanslara yeni təsir amili əlavə edəcək? Bu sualın cavabı iştirakın hansı formatda, hansı səlahiyyətlərlə və hansı şərtlərlə həyata keçiriləcəyindən asılıdır. Hesab edirəm ki, TDT+ kimi çevik əməkdaşlıq formatları ilə institusional müşahidəçi statusunu fərqləndirmək vacibdir. Konkret layihələr üzrə əməkdaşlıq imkanları ilə təşkilatın daxili fəaliyyətində daimi iştirak eyni siyasi məna daşımır. Unutmayaq ki, Türk Dövlətləri Təşkilatının əsas gücü onun üzvlərinin ortaq maraqları əsasında sərbəst qərarlar qəbul etmək imkanındadır. Təşkilat heç bir böyük gücə qarşı yaradılmayıb və hansısa geosiyasi qarşıdurmanın alətinə çevrilməməlidir". V.İskəndərov vurğulayıb ki, onun gələcək inkişaf istiqamətlərinin kənar siyasi təsirlərdən asılı olmaması da mühüm prinsipdir: "Azərbaycanın marağı güclü, müstəqil, birləşdirici və beynəlxalq nüfuza malik Türk Dövlətləri Təşkilatının formalaşmasıdır. Bu baxımdan Tokayevin təklifi müzakirə oluna bilər, lakin istənilən qərar bütün üzv dövlətlərin maraqları, təşkilatın təsis prinsipləri və uzunmüddətli strateji hədəfləri nəzərə alınmaqla qəbul edilməlidir. Çünki Türk dünyasının gələcəyi yalnız onun kimlərlə əməkdaşlıq etməsindən deyil, ilk növbədə öz siyasi iradəsini nə dərəcədə müstəqil qoruyub saxlamasından asılıdır".
Türk dünyasının qapıları Rusiyaya açıla bilərmi? Türk dünyasının qapıları Rusiyaya açıla bilərmi? Türk dünyasının qapıları Rusiyaya açıla bilərmi? Türk dünyasının qapıları Rusiyaya açıla bilərmi?
Mənbə oxu.az

Oxşar Xəbərlər