Siyasət

Paşinyan: "Ermənistan faktiki olaraq TRIPP layihəsinin icrasına başlayıb"

02 Nov 2026, 15:16 2 baxış
Paşinyan: "Ermənistan faktiki olaraq TRIPP layihəsinin icrasına başlayıb"
"Ermənistan hökuməti artıq "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin faktiki olaraq həyata keçirilməsinə başlayıb". Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan daimi parlament komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. "Ermənistan hökuməti hələ sonrakı proseslərin təşkilindən əvvəl öz təşəbbüsü ilə TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərinin sifarişinə başlayacaq. Biz vaxt itirmək istəmirik. TRIPP-in inkişafı üzrə şirkət formalaşdırılan kimi hökumət ona artıq tamamlanmış işi təhvil verəcək", - deyə Paşinyan qeyd edib. "Şübhəsiz və birmənalı şəkildə demək olar ki, TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində Ermənistan bütün istiqamətlərdə - həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində blokdan çıxacaq. Lakin bütün bu istiqamətlərdə blokdan çıxmaq heç də o demək deyil ki, bütün infrastruktur TRIPP layihəsinin bir hissəsinə çevriləcək. TRIPP layihəsinə Nrnadzor-Karçevan dəmiryolu, eləcə də elektrikötürücü xətlər və avtomobil yolu daxil olacaq. Qaz və neft boru kəmərləri məsələləri daha sonra müzakirə olunacaq", - deyə Nazirlər Kabinetinin rəhbəri deyib. Xatırladaq ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adını alıb. TRIPP layihəsi Ermənistanın Sünik bölgəsi üzərindən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. Təşəbbüs iqtisadi xarakter daşıyır və dəmiryolu, avtomobil yolu, neft kəməri, qaz kəməri və fiber-optik rabitə xətlərinin tikintisini əhatə edir. Layihənin reallaşdırılması ilə Ermənistan qanunvericiliyinə uyğun olaraq və hərbi komponent olmadan ABŞ şirkəti məşğul olacaq. Plana əsasən, ABŞ layihəni 99 ilə qədər həyata keçirmək üçün eksklüziv hüquqlar əldə edəcək və ayrı-ayrı hissələri beynəlxalq konsorsiuma subicarəyə vermək imkanı olacaq ki, bu da infrastrukturun inkişafı və təhlükəsiz istismarı üçün məsuliyyət daşıyacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər